• Bakı 15° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Əcnəbiləri universitetlərimizə necə cəlb edə bilərik? - Yeni tədris ilindən...

CƏMİYYƏT

24 Aprel 2024 | 09:08

Əcnəbiləri universitetlərimizə necə cəlb edə bilərik? - Yeni tədris ilindən...

Ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Hazırda ən çox əcnəbi tələbə Türkiyə, İran, Gürcüstan, Pakistan və Rusiya vətəndaşlığını daşıyan şəxslərdir.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 9 900-dək əcnəbi tələbə təhsil alıb. Bu isə 2022-ci illə müqayisədə əcnəbi tələbələrin sayının artdığını göstərir. Belə ki, 2022-ci ildə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı 8900 nəfər təşkil edib.

Mütəxəssislərə görə, qarşıdakı dövrdə əcnəbi tələbələrin sayında dəyişiklik ola bilər. Buna səbəb isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan etməsidir. Elana əsasən, ali təhsil qrantı 5 illik müddəti əhatə edir. Namizədlər 20 may tarixinədək müvafiq ölkənin aidiyyəti qrumlarına (nazirliklər, səfirliklər və s.) müraciət üçün tələb olunan sənədləri təqdim etməlidirlər.

Maraqlıdır ki, əcnəbi tələbələri ölkəmizdə təhsil almağa cəlb etmək üçün hansı addımlar atılmalıdır?

Məzahir Məmmədli: İndiki vəziyyətdə təhsil sahəsində inkişaf etmiş ölkələrdən bura üz tutulacağı real görünmür

Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, indiki halda Azərbaycanda dövlət universitetlərinin hamısı heç də beynəlxalq standartlara cavab vermir. Yalnız Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti universitetlərin dünya reytinqində uğura nail ola biliblər. Bu isə yetərli deyil.

"Ali təhsil müəssisələrimizin dünya təhsilinə inteqrasiyasının kütləvi şəkildə olmaması təəssüf doğurur. Çünki indiki vəziyyətdə təhsil sahəsində inkişaf etmiş ölkələrin tələbələrinin ölkəmizə üz tutacağı real görünmür. Ali təhsil müəssisələrimizin standartlara cavab verməsindən sonra xarici ölkələrdən gələn vətəndaşların ölkəmizə marağı arta bilər". - deyə ekspert bildirib.

Ölkəmizdəki əcnəbi tələbələrin üstünlük verdiyi ixtisaslara da toxunan M.Məmmədli vurğulayıb ki, universitetlərimizdə oxuyan əcnəbi tələbələr tərəfindən əsasən inşaat mühəndisliyi ixtisasına üstünlük verilir:

"Bundan başqa, Milli Elmlər Akademiyasında tarix, filologiya üzrə maraq göstərən xarici tələbələrə rast gəlmək mümkündür. Həmçinin Azərbaycan Texniki Universiteti və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb. Bu, universitetin radiotexnika və telekommunikasiya fakültəsinə marağı artıracaq. Eyni zamanda Bakı Dövlət Univeristetində ingilis dilində tədris həyata keçirilir. Azərbaycan Dövlət Pedaqoji Universitetində də müəllim hazırlığı ilə bağlı əcnəbi tələbələr təhsil alırlar".

Sözügedən elana gəlincə, ekspert bu addımın cənubdan olan soydaşlarımızın ölkəmizdə təhsil almasına şərait yaradılmasına təkan verə biləcəyini qeyd edib. Onun sözlərinə görə, digər tərəfdən, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nda Azərbaycana bağlı olan xarici ölkələrin vətəndaşlarına üstünlük verilməsi daha yaxşı olar. Xüsusən də həmin ölkələrdə yaşayan aztəminatlı ailələrin uşaqlarına diqqət ayrıla bilər.

Ceyhun Məmmədov: Bu gün ölkəmizdəki əcnəbi tələbələr daha çox neft, tibb və texniki sahələr üzrə təhsil alırlar

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov isə Bakıvaxtı.az-a açıqlamasında “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın mümkün təsirlərinə toxunub.

Deputatın sözlərinə görə, məlum qrant layihəsinin həyata keçirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasında bu cür layihələrin əhəmiyyəti böyükdür:

"Eyni zamanda məlum elan xarici tələbələrin ölkəmizdə təhsil almasına marağı artıracaq. Ümumilikdə əcnəbi tələbələrin axını üçün ölkədə təhsilin keyfiyyəti artırılmalı və dünyanın müxtəlif ölkələrində Azərbaycan təhsili ilə bağlı tədbirlər keçirilməlidir. Həmçinin müxtəlif məzmunlu sərgilər keçirməklə, ölkə təhsilini beynəlxalq aləmdə tanıtmaq olar".

C.Məmmədov onu da qeyd edib ki, bu gün ölkəmizdəki əcnəbi tələbələr daha çox neft, tibb və texniki sahələr üzrə təhsil alırlar.

Gülşən Şərif


SON XƏBƏRLƏR