• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ekspertlər təhsilin olimpiyada siyasətini tənqid etdi 

CƏMİYYƏT

09 Avqust 2021 | 16:38

Ekspertlər təhsilin olimpiyada siyasətini tənqid etdi

Məlumdur ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da idman yarışlarında qalib olan idmançılara və məşqçilərinə  yüksək məbləğlər ayrılır, hətta ev də verilir. Ancaq təəssüflər olsun ki, təhsillə bağlı keçirilən yarışlarda bu cür böyük mükafatlar verilmir. Nəticədə, gənclərin təhsil sahəsinə olan marağı daha da ölür. Bəs niyə idmana göstərilən qayğı təhsilə də göstərilmir?

Mövzu ilə bağlı təhsil üzrə ekspertlər Kamran Əsədov və Elşən Qafarov Bakıvaxtı.az-a danışıb:

Kamran Əsədov: - İlk növbədə qeyd edim ki, bir dövlətin beynəlxalq aləmdə tanınması üçün idman yarışları ilə müqayisədə, elm, təhsil və ixtiralar sahəsində fəaliyyəti daha vacibdir. Əlbəttə, Azərbaycan üçün müstəqilliyinin ilk illərində dünyada tanınması və bayrağının dalğalanması üçün idman yarışlarında iştirak edib müsabiqələrdə qalib olması daha zəruri idi. Nəticədə, artıq Azərbaycan dünyanın kifayət qədər inkişaf edən, dayanıqlı və davamlı iqtisadiyyata malik olan ölkələrindən birinə çevrilib. Artıq biz idman yarışları ilə bərabər təhsil, elm, tədqiqat və ixtiralara da ciddi şəkildə yer verməliyik. Çox təəssüflər olsun ki, bu gün idman yarışları və beynəlxalq olimpiyadalarda qalib gələn idmançılara böyük mükəfatlar, mənzillər verilir, hətta işlə də təmin edilir. Ancaq Azərbaycanda fizika, kimya, ümumiyyətlə, bu və digər fənlər üzrə beynəlxalq olimpiyada qalibi olan şəxslərə çox nadir hallarda hər hansısa bir maddi dəstək verilir. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Gənclərin stimullaşması, elmə gəlməsi üçün birmənalı şəkildə bunların fəaliyyətinə yüksək qiymət verilməlidir. Necə ki, idmançıların məşqçilərinə bu tipli dəstək verilir, birmənalı şəkildə bizim olimpiyadaya uşaq hazırlayan, şagirdləri qalib gələn müəllimlərə də stimullaşdırıcı addımlar atılmalıdır. Bu artıq qaçılmaz zərurətə çevrilib.

Düzdür, hal hazırda mövcud təhsil qanunvericiliyinə görə, olimpiyada qalibləri müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olurlar. Amma bu, idmançılara da aiddir. Yəni beynəlxalq olimpiyada yarışlarında qalib gələn idmançılara birbaşa İdman Akademiyasına qəbul olunmaq kimi bir imkan verilir. Fikrimcə, gənclərin marağını artırmaq üçün təhsil sahəsinə mütləq pul ayırmalıyıq. Bu gün Azərbaycan elmi, təhsili dünya reytinqində yoxdur. Bu gün Azərbaycan alimi dünyada ciddi qəbul edilmir, çünki kəşfləri, ixtiraları yoxdur.  Hətta biz bunu pandemiya dövründə elektron resurslardan və proqram təminatından istifadəyə görə yaşadığımız ciddi qüsurlarda da gördük. Hesab edirəm ki, bu, çox ciddi bir amildir. Bu, bir tələb olaraq qoyulmalı və dövlət tərəfindən pul ayrılmalıdır.  Qeyd edim ki, Azərbaycan dövləti təhsilə, Təhsil Nazirliyinə və təhsil sisteminə kifayət qədər böyük vəsait ayırır. Hətta Azərbaycan hər il dörd milyard manata yaxın vəsaiti təhsil sahəsinə ayırır. Bu da bir çox ölkənin büdcəsindən belə çoxdur. Qısaca deyim ki, Azərbaycan hökuməti tərəfindən təhsilə ayrılan vəsait dünyanın qırxdan çox ölkəsinin ümumi büdcəsindən çoxdur. Ancaq keyfiyyət, hesabat və nəticə baxımdan ayrılan vəsaitin səmərəsini, demək olar ki, görmürük. Yəni bu gün Azərbaycan əhalisi yenə də özəl sektora, hazırlığa öz vəsaitləri ilə gedir. Yəni bu gün təhsildə əldə edilən uğurlar dövlət müəssisələrinin yox, daha çox özəl müəssisələrin və şəxslərin fəaliyyətinin nəticəsidir. Amma, hesab edirəm ki, biz birmənalı şəkildə dövlət təhsil müəssisələrində çalışanlara və beynəlxalq olimpiyada yarışlarında qalib olan şagirdlərə çox böyük vəsaitlər verməli, hətta onların mənzil şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atmalıyıq. Eyni zamanda, insanların elmə gəlməsi üçün universitet, inistitut, akdemiya, araşdırma və tədqiqat mərkəzlərində çalışan şəxslərin də mənzil şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması üçün ciddi şəkildə addım atmalıyıq. Bu gün Azərbaycan elmi qocalıb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də elmlər doktoru yoxdur. Bu ciddi bir rəqəmdir. Bu gün Azərbaycanda elmə gələn insanların sayı ümumi ölkə vətəndaşlarının bir faizindən də aşağıdır. Ölkədə elm tutumlu tədqiqatlar, məhsullar yoxdur. Ümumdaxili məhsullarımızda Azərbaycan elminin payı yox dərəcəsindədir. Bunlar ciddi məsələlərdir və inanıram ki, bu məsələlər aradan qaldırılacaq.

Elşən Qafarov: - Doğrudan da, idman sahəsi ilə bağlı hətta məşqçi müəllimlərə belə çox böyük məbləğdə qonararlar verilir. Bir çox hallarda, idmançılar aldıqları bu yüksək məbləğdən arxayınlaşaraq uğurlarını sonrakı illərdə davam etdirə bilmirlər. Amma təhsil sahəsində olan olimpiyadalarda bu yoxdur. Ən yaxşı halda beynəlxalq və fənn olimpiyadalarda qalib gəlmiş şəxslər hər hansı bir ixtisas üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar. Əslində, beynəlxalq fənn olimpiyadalarının qaliblərinin əksəriyyəti Azərbaycan ali təhsil müəssisələrinə sənəd vermirlər. Onlar daha  çox xaricdə oxumağa üstünlük verirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Düşünürəm ki, ölkədə təhsilə və təhsillə bağlı olan məsələlərə diqqət artırılmalı və təhsilin bir çox sahələrində, o cümlədən, beynəlxalq fənn olimpiyadalarında qalib gəlmiş şəxslərə, onların müəllimlərinə kifayət qədər stimullaşdırıcı tədbirlər görülməlidir. Məsələn, beynəlxalq fənn olimpiyadalarının beynəlxalq universitetlərdə təhsilini dövlət öz üzərinə götürə bilər, müəllimlərə istedadlı şəxslərin yetişdirilməsində daha çox fədakarlıq etməsi üçün stimullaşdırıcı qonarar verə bilər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026