Rusiya və İran xarici işlər nazirləri arasında təcili telefon danışığı baş tutub.
Bakıvaxtı.az Rusiya XİN-in Teleqram kanalına istinadən xəbər verir ki, Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında söhbət Tehranın təşəbbüsü ilə reallaşıb.
Danışıq zamanı Əraqçi İran rəhbərliyinin nüvə sazişi üzrə danışıqları pozan Amerika-İsrail hücumuna qarşı atdığı addımlar barədə həmkarını məlumatlandırıb. O, həmçinin Tehranın BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq planlarını açıqlayıb.
Sergey Lavrov İslam Respublikasına qarşı həyata keçirilən bu addımı “səbəbsiz silahlı hücum” adlandıraraq pisləyib. Rusiyalı nazir hücumun beynəlxalq hüququn pozulması olduğunu və regional, eləcə də qlobal təhlükəsizlik üçün ciddi fəsadlar törədəcəyini qeyd edib. O, İrana qarşı təcavüzün dərhal dayandırılmasına çağırıb və Moskvanın münaqişənin dinc yolla həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan edib. ABŞ-nin də iştirak etdiyi əməliyyatla bağlı Prezident Donald Tramp müraciət yayaraq, bu addımı Tehranın nüvə ambisiyalarından əl çəkməməsi ilə əlaqələndirib və “səbrimiz tükəndi” ifadəsini işlədib.
Bakı 




