• Bakı 25° C

    9.58 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Ərazi bütövlüyündən beynəlxalq nüfuza: Azərbaycanın yeni mərhələsi

LAYİHƏ

31 Iyul 2026 | 15:05

Ərazi bütövlüyündən beynəlxalq nüfuza: Azərbaycanın yeni mərhələsi

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Azərbaycan xalqının müasir tarixində 2020-ci il xüsusi əhəmiyyət daşıyır. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması və uzun illər davam edən münaqişənin həllində mühüm dönüş nöqtəsi oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalq–ordu birliyi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində tarixi qələbə qazanıldı. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini müəyyən edən əsas hadisələrdən biri oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat isə hərbi əməliyyatların dayandırılmasına və Azərbaycanın bir sıra ərazilərinin mərhələli şəkildə geri qaytarılmasına şərait yaratdı.

Vətən müharibəsi yalnız hərbi qələbə ilə məhdudlaşmadı. Bu müharibə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, dövlətin siyasi iradəsinin və xalqın milli həmrəyliyinin nümayişi kimi tarixə düşdü. Müharibə dövründə Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn tələblərinə uyğun hərəkət etdiyini bildirərək hərbi hədəflərlə mülki obyektlərin fərqləndirilməsinə xüsusi diqqət yetirdi. Eyni zamanda, Ermənistanın Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan mülki əhalini hədəfə alan hücumları ağır insan itkilərinə və geniş dağıntılara səbəb oldu.

Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələri raket və artilleriya hücumlarına məruz qaldı. Gəncə şəhərinə 2020-ci il oktyabrın 11-də və 17-də edilən raket hücumları nəticəsində çoxsaylı mülki şəxs həyatını itirdi, yaşayış binalarına ciddi ziyan dəydi. Bərdə şəhərinə 28 oktyabr 2020-ci ildə kasetli raketlərlə edilən hücum da mülki əhali arasında ağır itkilərə səbəb oldu. Bu hadisələr müharibə dövründə mülki insanların və yaşayış məntəqələrinin təhlükəsizliyinin qorunmasının nə qədər vacib olduğunu bir daha göstərdi.

Ermənistanın uzun illər davam edən işğal siyasəti nəticəsində Azərbaycanın şəhər və kəndləri dağıdılıb, tarixi və mədəni abidələrə ziyan vurulub, təbii sərvətlərdən qanunsuz istifadə edilib. İşğaldan azad olunan ərazilərdə aparılan müşahidələr yaşayış məntəqələrinin böyük hissəsinin viran qoyulduğunu, məscidlərin, qəbiristanlıqların, məktəblərin və digər tarixi-mədəni obyektlərin dağıdıldığını göstərib. Bu faktların sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın informasiya siyasətinin və ictimai diplomatiyasının mühüm istiqamətlərindən biridir.

Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar olunması, itkin düşmüş şəxslərin taleyi ilə bağlı araşdırmaların davam etdirilməsi və mina təhlükəsinin aradan qaldırılması da diqqət mərkəzindədir. Xüsusilə mina və partlamamış hərbi sursatlar həmin ərazilərdə yaşayan insanların təhlükəsizliyi, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və yenidənqurma işləri üçün ciddi təhlükə yaradır. Bu səbəbdən mina təhlükəsi ilə bağlı məlumatların beynəlxalq səviyyədə yayılması və humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin artırılması mühüm əhəmiyyət daşıyır.

Vətən müharibəsində qazanılan tarixi qələbə ilə bağlı həqiqətlərin, eləcə də Ermənistanın törətdiyi sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və mülki əhaliyə qarşı hücumlarla bağlı faktların dünya ictimaiyyətinə çatdırılması dövlət və cəmiyyət qarşısında duran vacib vəzifələrdəndir. Bu istiqamətdə beynəlxalq hüquq normalarına əsaslanan, etibarlı mənbələr və sənədlərlə təsdiqlənən məlumatların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Həqiqətlərin beynəlxalq auditoriyaya düzgün və ardıcıl şəkildə çatdırılması dezinformasiyanın qarşısının alınmasına, Azərbaycanın haqlı mövqeyinin daha geniş tanınmasına və tarixi yaddaşın qorunmasına xidmət edir.

Şəbnəm Həsənova: Dünyada baş verən müharibələrə nisbətdə Azərbaycan öz milli kimliyini nümayiş etdirdi

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, prezident İlham Əliyev illər ərzində hərtərəfli və məqsədyönlü siyasət yürüdürdü. Bu siyasətin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Çünki prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələrkən Azərbaycan xalqı qarşısında söz vermişdi ki, xalqımızın ümidlərini doğruldacaq, Vətən, torpaq həsrətinə son qoyacaq:

“2003-cü ildən 2020-ci ilə qədər aparılan siyasət, atılan addımlar göstərirdi ki, Azərbaycan lideri məqsədindən və hədəfindən bir an olsun belə yayınmayıb. Bunu sübut edən amillər Aprel və Tovuz döyüşləri idi. Məhz bu döyüşlər zamanı Azərbaycan xalqının həmrəy olması, prezident İlham Əliyevin ətrafında sıx birləşməsi Qələbəyə olan inamımızı daha da artırdı”.

Politoloqun sözlərinə görə, qürurverici məqamlardan biri ondan ibarət idi ki, həyatlarında bir dəfə olsun belə Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda gözlərini belə qırpmadan canlarından keçdilər. Bu isə ondan xəbər verir ki, prezident İlham Əliyev siyasi və iqtisadi baxımdan Azərbaycanı gücləndirərkən, həm də ideoloji baxımdan Azərbaycan xalqını düzgün istiqamətləndirməyi və hətta təşkilatlandırmağı da bacardı. Məhz bunun nəticəsi idi ki, dünyada baş verən müharibələrə və münaqişələrə nisbətdə Azərbaycan öz milli kimliyini, milli şüurunu ortaya qoymağı bacardı, iradə nümayiş etdirdi:

“Azərbaycan, baxmayaraq ki, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qalmış bir xalq idi, yenə də dövlət başçısı humanizm göstərərək və Cənubi Qafqazın fərqli inkişaf modelinin olmayacağını dərk edən uzaqgörən lider olaraq Cənubi Qafqazda olan ən böyük münaqişəyə son vermək üçün yeni səhifə açmağı təklif etdi”.

Ş.Həsənova qeyd edib ki, Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən önəmli münaqişəsi kimi adlandırılması bu gün siyasi liderlərin leksikonunda istifadə edilir. Məhz Azərbaycan Lideri bu münaqişəyə son qoymaqla Cənubi Qafqazın simasını dəyişməyi bacardı. Bu isə tarixi addımdır. Bu, indiki nəslin və gələcək nəsillərin taleyüklü qərarları baxımından olduqca mühüm əhəmiyyət kəsb edən bir amildir. Azərbaycan haqq yolunda əzmlə irəliləyir. Bir tərəfdən Qarabağda, Şərqi Zəngəzurda bərpa işləri həyata keçirilərkən, digər tərəfdən isə Ermənistan tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilən cinayətkatların layiqli cəza alması baxımından inamla, qətiyyətlə addımladı:

“Məhz bu qətiyyətin nəticəsidir ki, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədən şəxslər bu gün Azərbaycan həbsxanalarında yatır. Azərbaycan xalqının milli heysiyyəti və qüruru ilə oynayan şəxslər bu gün öz layiqli cəzalarını alıblar. Prezident İlham Əliyev hərtərəfli iş görürdü. Bu baxımdan “Xocalıya Ədalət” kampaniyası son dərəcə mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun koordinasiyalı siyasəti nəticəsində, Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın uğurlu təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası öz nəticəsini verdi.

Bu baxımdan qeyd olunmalıdır ki, “Xocalıya Ədalət” kampaniyasının nəticəsi olaraq bu akt bir çox dövlətlər tərəfindən soyqırımı kimi qəbul edildi”.

Müsahibimiz bildirib ki, Vətən müharibəsinə doğru əzmlə irəlilədiyimiz yolda bu nəticə bizim üçün son dərəcə xüsusi əhəmiyyət kəsb edirdi:

“Ermənistanın Azərbaycana vurduğu ziyan sadəcə əhali ilə məhdudlaşmırdı. Ekologiyaya, flora və faunaya vurulan zərər, sularımızın çirkləndirilməsi təbii ki, Ermənistanın məkirli siyasətinin tərkib hissəsi idi.

Bu baxımdan bu gün Azərbaycan beynəlxalq məhkəmələrdə də addımlarında qətiyyətlidir. Təbii ki, bir tərəfdən sülh seçiminin, Azərbaycanın humanist siyasətinin təqdim edilməsi qədər, qarşı tərəf üzərində təzyiqdən də çəkinmək olmaz. Bu isə praqmatik siyasət deməkdir. Prezident İlham Əliyev bütün məsələləri kompleks və koordinasiyalı şəkildə uğurla davam etdirir. Azərbaycan “orta güc” olaraq dünyaya inteqrasiya edir”.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026