“Tez-tez erməni sosial şəbəkə istifadəçiləri, hətta analitikləri belə bir tezisi təbliğ edirlər ki, “siz birinci Qarabağ müharibəsində uduzmusunuz, biz isə ikincidə...”. Bu yanaşma revanş mövzusundakı xəyalların davam etdirilməsi üçün bir əsas və ya baza rolunu oynayır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq XİN başçısı bildirib ki, bunlar tamamilə fərqli məsələdir:
“1994-cü ildə biz öhdəlik götürən iştirakçıların statusu təsbit olunmayan və “tərəflərin bərabərliyi prinsipi” qorunmayan bir razılığa nail olmuşduq və bu, yazılı saziş deyildi. Həmin razılaşma rəsmi sənəd deyildi və rəqiblə yox, vasitəçi ilə mübadilə idi”.
Dediyinə görə, bundan əlavə, biz atəşkəs rejiminin başladığı elan olunan anda sahib olduğumuz mövqelərdə qalırdıq:
“Danışıqları isə ermənilərlə deyil, Minsk Qrupundan kənar vasitəçilik edən Rusiya Federasiyası ilə aparırdıq . Yeganə öhdəlik danışıqları davam etdirməyə hazır olmaq idi. Üstəlik, bu, atəşkəs bağlamaq üçün edilən ilk cəhd deyildi. Lakin uzunmüddətli olması düşmənin şimal-qərb istiqamətində, Gəncəyə doğru kütləvi hücum cəhdi göstərməsi və 1994-cü ilin mart-aprel aylarında canlı qüvvə və texnika baxımından böyük itkilər verərək, Rusiya hərbçilərinin təbliği və təkidilə hücumu dayandırmağa məcbur olması ilə bağlı idi”.

Tofiq Zülfürarov: Ermənilər hamının şahidi olduğu hadisələrin reallıqlarını siyasi məqsədlərlə təhrif edirlər
T.Zülfüqarov baş verənləri 2020-ci ildə hərbi əməliyyatların necə başa çatması ilə müqayisə edib:
“Ermənistanın Müdafiə Nazirliyi yox, birbaşa dövlət başçısı hərbi əməliyyatlar apardığı dövlətin başçısı və vasitəçiliyi həyata keçirən dövlətin (RF) başçısı ilə sənəd imzaladı. İrəvan müharibə edən ölkələr arasındakı şərti sərhədin hüdudlarından kənara bütün qoşunlarını və texnikasını müəyyən edilmiş müddətdə çıxarmaq öhdəliyini qəbul etdi və yerinə yetirdi. Ermənistan üzərinə öhdəliklər götürdü və hərbi-texniki xarakterli bir sıra addımları icra etdi. Yəni, kapitulyasiya etdi”.
Tofiq Zülfüqarov, buna görə də ermənilərə hamının şahidi olduğu hadisələrin reallıqlarını siyasi məqsədlərlə təhrif etməyə çalışmamağı məsləhət görür.
Aydın Baxış
Bakı 



