• Bakı 20° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Ermənistan öz siyasi məsuliyyətini dərk etməlidir, əks halda... - AÇIQLAMA

SİYASƏT

30 Sentyabr 2024 | 14:50

Ermənistan öz siyasi məsuliyyətini dərk etməlidir, əks halda... - AÇIQLAMA

"Əgər Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında heç bir nəticə alınmasa və İrəvan yenə də öz məsuliyyətindən boyun qaçırma taktikasını davam etsə, təbii ki, Azərbaycan məcburiyyət qarşısında qalacaq ki, təzminat məsələsini beynəlxalq məhkəmələrdə qaldırsın".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir vurğulayıb ki, Ermənistan hansısa formada məsuliyyətə cəlb edilə bilər.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən olunmasında bəzi irəliləyişlərə nail olunub:

“İkinci Dünya müharibəsindən sonra nasist Almaniya bəzi ərazilərindən məhrum edilib. Dünyada belə təcrübələr var. Ona görə Azərbaycan indiki mərhələdə həm siyasi iradəsi, həm də imkanı var ki, tarixi ədaləti tam bərpa etsin. Prosesin təzminat mərhələsinə çatmaq üçün Ermənistan ilk növbədə öz siyasi məsuliyyətini qəbul etməlidir. Çünki məhz Ermənistanın siyasi elitasının addımları ilə bu münaqişə başlayıb və ağır nəticələrə səbəb olub. Bu münaqişəni törədən siyasi qüvvələr, şəxslər var. Onların siyasi məsuliyyəti danışıqlarda əksini tapmalıdır. Bu, həm sənədlərdə, həm də indiki Ermənistan rəhbərlərinin bəyanatlarında özünü ehtiva etməlidir. Təəssüflər olsun ki, biz bunu görmürük".

Tofiq Zülfüqarov: İrəvan öz məsuliyyətini qəbul etmək, dərk etmək niyyətində deyil

T.Zülfüqarov bəyan edib ki, işğalın bir neçə səviyyəsi  - hərbi, iqtisadi, anneksiyanı təmin edən qanunlar və s. var:

"Ermənistan işğalın qalıqlarını aradan götürmək istəmir. Azərbaycan Ordusu bir çox məsələlərdə işğalın qalıqlarını təmizləyib. Ancaq qanunvericilik və iqtisadi sahələrdə, təzminat və siyasi məsuliyyətlə bağlı İrəvan üzərinə düşəni etməyib. Ermənistanın prosesi uzatma cəhdləri məhz bununla bağlıdır”.

“İrəvan öz məsuliyyətini qəbul etmək, dərk etmək niyyətində deyil. Əfsuslar ki, beynəlxalq qurumlar və bəzi Ermənistanın havadarları da buna kömək edirlər", - deyə Tofiq Zülfüqarov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR