İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
"Rusiya şirkətləri ilə silah sektorundakı problemli məsələlərin əksəriyyəti həll olunub", - qurumdan bildirilib.
Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın ödədiyi, lakin hələlik Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll edilməlidir.
Ermənistanın yenidən silahlanmasının gizlinlərini açan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Bakıvaxtı.az-a bildirib ki, Ermənistanı müharibəyə hazırlayırlar və Ermənistan özü də hazırlaşır:
“Ermənistan o silahları hərbi parad və sərgi üçün almır. Silahları ona görə alırlar ki, sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı məsələlərdə həmin silahlarla Azərbaycana qarşı istifadə etsinlər. Bir növ təzyiq və təhidid ritorikasını işə salırlar. 2024-cü ilin 1-ci ayının tamamlanmasına sayılı günlər qalıb. Guya Ermənistan 2022-ci ilin 7 dekabrında Azərbaycanla sülh müqaviləsi imzalayacaqdı. Üstündən iki il keçib, ortada real saziş yoxdur. Eyni zamanda da silahlanır, silah-sursat alır”.

Üzeyir Cəfərov: Ermənistan o silahları hərbi parad və sərgi üçün almır
Onun sözlərinə görə, Ermənistanın silah aldığı ölkələrin siyahısı getdikcə genişlənir. Müsahibimiz bildirib ki, əvvəlcə Rusiya və İrandan alırdı, indi siyahıya Hindistan, Fransa Yunanıstan əlavə olunub:
“Hələ bizim bilmədiyimiz bir neçə ölkə var ki, Ermənistanla bu məsələdə razılıq ədlə ediblər. Ermənistan yenə öz separatçı ampluasındadır. AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı göstərilən münasibət Fransanın dəstəyi ilə Ermənistanın həyata keçirdiyi dezinformasiya savaşının bariz nümunələrindəndir. Baxın, Laçın dəhlizi ilə bağlı məsələ və ekoaktivistlərin hərəkatını rəsmi İrəvan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müzakirəsinə çıxardı. Ermənistan revanşa hazırlaşır. Biz də öz işimizi görməliyik. Ermənistan heç zaman ağıllanmayacaq. Onlar indi aldıqları silahları yaxın 3-5 il ərzində işə sala bilərlər. Bölgədə gərginlik uzun illər davam edəcək və proses də o istiqamətdə gedir”.
Aydın Baxış
















