Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra regionda vəziyyət tamamilə dəyişib. Belə ki, artıq Türkiyə-Ermənistan münasibətlərində də bir ilıqlıq hiss olunur. Iki ölkə arasında yaxınlaşma Sovet İttifaqının dağılmasının və Türkiyə-Ermənistan münasibətlərinin başlanmasının 30-cu ildönümündə yenidən baş verir.
2021-ci ilin dekabr ayında hər tərəfdən bir nəfər olmaqla, Türkiyə və Ermənistan birbaşa danışıqlar üçün xüsusi nümayəndələr təyin etdilər. Türkiyə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı, Ermənistan vitse-spiker Ruben Rubinyanı xüsusi nümayəndə təyin edib. Bəs, hansı halda Ermənistan-Türkiyə münasibətləri yenidən pozula bilər?
Telman Nüsrətoğlu
Politoloq Telman Nüsrətoğlu Bakıvaxtı.az-a bildirib ki, məsələyə Ermənistanın daxili-siyasi kontekstindən baxsaq, onun dövlətçiliyinin bu coğrafiyada qalıcı ola bilməsi üçün mütləq Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasına ehtiyacı var: “Çünki Türkiyə və Azərbaycan Qarabağ zəfərindən sonra Cənubi Qafqazda xüsusi geo-siyasi reallıq yaradıb. Digər tərəfdən, türk xalqları ilə əhatələnmiş, demoqrafik, milli imkanları ilə üst-üstə düşməyən bir Ermənistan nə vaxta qədər özünü regiondan və müsbət proseslərdən təcrid edə bilər? Bunu Paşinyan da gördü və ona görə Türkiyə ilə münasibətlərin normallaşması üçün addımlar atmağa başladı”.
Müsahibimiz deyir ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya prosesləri ilə bağlı işlər də gedir. Onun sözlərinə görə, Azərbaycan sülh məsələsini uzun zaman masada saxlamayacaq: “Çünki Azərbaycanın da xarici siyasət konsepsiyası var. Bu sülh təklifini Ermənistanın tələsib dəyərləndirməsi lazımdı. Buna görə də Ermənistan revanşist addımlardan kənar durmalıdır”.
Politoloq hesab edir ki, bu mənada Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıraraq, özünü xilas edir və prossesə hazırlayır: “Bu, birinci növbədə Ermənistanın özünə və regionda sülh və əməkdaşlığa lazımdı. İpəkyolu ticarət hövzəsində bir təhlükəsizlik ortamının formalaşması üçün bu, lazımdı”.
T.Nüsrətoğlunun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin yenidən pozulmasını istəmirsə, ərazi iddiaları ilə bağlı ənənəvi yanaşmasından vaz keçməlidir: “Bilirsiniz ki, Ermənistanın Ağrı dağı ilə bağlı iddiaları var. Onlar bu istəklərindən vaz keçməlidir. Ən əsası isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Xankəndindəki müəyyən seperatçı qüvvələri dəstəkləməkdən vaz keçməli və başa düşməlidir ki, bunun Ermənistan üçün heç bir xeyri ola bilməz. Ermənistan həm Azərbaycan, həm Türkiyə ilə normal siyasətə dönməli, yalançı soyqırım idialarından vaz keçməlidir ki, münasibətlər normal şəkildə davam etsin. Amma Ermənistanın daxilində xarici faktor çox mühümdür, hər an orda vəziyyət qarışa bilər”.
Nuranə Daxilqızı