Xəbər verdiyimiz kimi, İrəvanda pərakəndə ticarətlə məşğul olan ticarətçilər yenidən hökumət binası qarşısında toplaşıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Baş verən hadisələrin fonunda yaranan suallar da çoxalır. Belə ki, bu iğtişaşların davamı kimi Qarabağ münaqişəsi ilə bağlı irəli sürülən iddiaların yenidən gündəmə gətirilməsi, regiondakı mövcud siyasi vəziyyətə təsiri və bu məsələnin Ermənistan daxilindəki daxili gərginliklə hansı formada əlaqəli olması müzakirə predmetinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu cür aksiyalar təkcə iqtisadi narazılıqların deyil, həm də siyasi və geosiyasi faktorların təsiri altında formalaşır.
Bu iddialar nə dərəcədə reallığı əks etdirir? Qarabağ müharibəsi iddiaları yenidən alovlana bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, hansısa iqtisadi problemlərlə bağlı, hökumətin siyasətilə əlaqadər tədbirlər ola bilər, lakin revanşist qüvvələr ermənilər tərəfindən dəstəklənmir. Deputatın sözlərinə görə, Ermənistanda bəzi dairələr Qarabağ münaqişəsini yenidən aktuallaşdırmağa çalışsalar da, əhalinin böyük hissəsi uzunmüddətli müharibələrdən yorulub və sabitlik istəyir:
"İndiki şəraitdə Ermənistan hakimiyyəti üçün əsas prioritet daxili sosial-iqtisadi problemlərin həlli olmalıdır, çünki ölkədəki narazılığın əsas səbəbi məhz iqtisadi çətinliklərdir. Bu gün müharibəyə can atan qüvvələr erməni ailələrinin faciəsini istəyir. Ermənistanın siyasi rəhbərliyi bu məsələləri həll etmədən xalqın dəstəyini tam şəkildə qazana bilməz. Əhali artıq müharibə ritorikasından yorulub və real problemlərinin həllini tələb edir. Əgər hökumət bu çağırışlara lazımi səviyyədə cavab verməsə, sosial gərginliyin daha da artacağı istisna edilmir".
Asim Mollazadə: Paşinyan diaspor və müxalifətdən qorxduğu üçün real sülhlə bağlı addımlar atmır
Onun fikrincə, bu gün müharibəyə meyilli qüvvələr, əsasən, erməni diasporunun fəallarıdır:
"Erməni diasporu müharibə ilə bağlı açıq çağırışlar edir. Çünki onlar soyqırım aktlarından, hücumlardan çoxlu pul qazanırlar. Paşinyan hökumətinin seçilməsin əsas məqsəd o idi ki, onlar sülh əldə edə bilsin. Lakin Paşinyan müxalifətdən, diaspordan qorxduğuna görə real sülhlə bağlı addımlar atmır. Onların əsas məqsədi Ermənistan əhalisinin real problemlərini həll etmək deyil, münaqişə mühitini qoruyub saxlamaqdır. Bunun nəticəsində ölkədə siyasi qeyri-müəyyənlik davam edir və iqtisadi islahatlar arxa plana keçir".
Son olaraq deputat vurğulayıb ki, islahatlar üçün münaqişə vəziyyəti ilə bağlı addımlar atımalı, erməni diasporunun iş mexanizminə nəzarət edilməlidir:
"Ermənistanın gələcəyi bölgədəki qonşularla sülh və əməkdaşlıq şəraitində mümkün ola bilər. Bunun üçün hökumət real sülh təşəbbüsləri irəli sürməli, münaqişə ritorikasından uzaqlaşmalı və ölkənin daxili problemlərinə diqqət yetirməlidir. Diaspor təşkilatları uzun illərdir Ermənistan cəmiyyətinə təsir edərək münaqişə mühitini qoruyub saxlamağa çalışır. Onların əsas məqsədi Ermənistanın iqtisadi və sosial inkişafına töhfə vermək deyil. Ermənistanın gələcəyi sülh, sabitlik və iqtisadi inkişafdan asılıdır. Əgər hökumət real islahatlar aparmaq və ölkəni münaqişə sindromundan çıxarmaq istəyirsə, ilk növbədə cəmiyyətin diqqətini daxili problemlərin həllinə yönəltməlidir. Bunun üçün isə həm siyasi iradə, həm də cəsarətli qərarlar lazımdır".
Əli Hüseynov