“Müasir dünyada terrorçuluğun geniş yayıldığını və terroçuluğu dəstəkləyən maraqlı qüvvələrin olduğunu nəzərə alsaq, Azərbaycan sülhməramlı missiya daşıyaraq, dünyada terrorçuluğa qarşı daim mübariz aparıb, aparır və aparacaq”.
Bunu Bakıvaxtı.az-a müsahibəsində ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Müdafiə Nazirliyinin Ermənistasnnın təxribatları ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu mənada ki, İkinci Qarabağ savaşında Azərbaycan ərazisində antiterror əməliyyatları həyata keçirərək, separatizmi məhv etməyə nail oldu. Amma Ermənistan hərbi-siyasi rəhbərliyinin tutduğu mövqe regionda hər zaman münaqişə ocağının yaranmasına yol açır. Bunun da, əlbəttə, bir neçə səbəbi var.
- Məsələn, hansı səbəbələri sadalaya bilərsiniz?
- Birincisi odur ki, Ermənistan sülh müqaviləsinin bağlanmasından boyun qaçırır. Azərbaycanın qələbə qazanmasından 4 il keçsə də, hələ də sülh müqaviləsi bağlanmayıb. Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Təbii ki, müharibə vəziyyətinin qalması Ermənistan və bu regionda maraqlarını təmin etmək istəyən dövlətlər üçün əlverişli şərait kimi qiymətləndirilir.
- Regionda sülhü təmin etməyin yolları haradan, nədən keçir?
- Regionda 3+3 formatı (Rusiya, İran, Türkiyə, digər tərəfdən isə Azərbaycan, Gürcüstan və Ermənistan) var. Regiondakı bütün proseslərin bu formatda iştirak edəcək ölkələr tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Ancaq son zamanlar Fransa, ABŞ və Avropanın bəzi ölkələri Ermənistanı silahlandırmaqla regionda öz maraqlarını təmin etməyə çalışırlar. Bu mənada Ermənistanın son gedişlərini region üçün təhlükəli bir siyasətin nəticəsi kimi qiymətləndirmək lazımdır.
Həmçinin bu, 3+3 formatındakı dövlətlərin maraqlarına da ziddir. 3+3 formatında yeganə dövlət Ermənistandır ki, digər dövlətləri, əlavə oyunçuları özlərinə havadar seçərək, regionda vəziyyəti gərginləşdirməyə zəmin hazırlayır.
- Son zamanlar Ermənistanın sürətlə silahlandırılması nəyə hesablanıb?
- Silahlandırma ilə bağlı Ermənistanla Hindistan arasındakı müqaviləyə əsasən Hindistan tərəfindən bu ölkəyə qiyməti 600 milyon dollardan çox olan silahlar verilib, Son günlər İranın Ermənistana 500 milyonluq silah satışı ilə bağlı məlumatlar da müzakirə mövzusudur. Rəsmi Tehran bu xəbəri hələ ki təkzib etməyib. Ancaq Ermənistan artıq bunu inkar edib.
Digər tərəfdən, "Avropa Sülh Fondu" adı altında Ermənistanın silahlandırılması üçün 10 milyon avro ayırılıb. Bununla da Ermənistan regionda eskalasiyanın baş verməsinə zəmin hazırlayır. Baxın, Ermənistanın bugünkü iqtisadi durumu çox ağırdır. Fransa isə pulu Ermənistan iqtisadiyyatının dirçəlməsinə deyil, onun silahlanmasına xərcləyir. Ermənistanın indiki mövqeyi, siyasəti, havadarlarının onu sürətlə silahlandırması region üçün təhlükə yaradır. Gələcək proseslər Ermənistan vasitəsilə yeni münaqişə ocaqlaırnın yaranmasından xəbər verməkdədir.
- Ermənistanın Avropanı regiona, Rusiyanın “burnunun ucu”na gətirmək səyləri Kremli qıcıqlandıra bilərmi?
- Əlbəttə, həmin dövlətlərlə Rusiyanın maraqları kəsişmir. Qərb dövlətlərinin regiondakı maraqlarının təmin etmək istəməsi və rəsmi İrəvanın buna ciddi cəhdlə vasitəçi olması Ermənistanı böyük dövlətlərin plasdarmına çevirə bilər.
- Ermənistanın cür silahlandırılması yalnız Azərbaycanamı qarşı yönəlib?
- Bu gün Azərbaycanın Ermənistanla müharibə şəraitində olması, rəsmi İrəvanın de-yure və de-fakto Azərbaycanın düşməni olaraq qalması regionda maraqlarını təmin etmək istəyən dövlətlər üçün bir fürsətə çevrilib. Məsələn, ABŞ-nin Ermənistanda təlimlər keçməsi, onu silahlandırması fonunda Azərbaycan-Ermənistan şərti sərhədindən Ermənistan tərəfindən təxribatların törədilməsi, kvadrokopter kəşfiyyat xarakterli uçuşlar aparması cəhdi ondan xəbər verir ki, böyük dövlətlər Ermənistanı silahlandırmaqla regionda öz maraqlarını təmin etməyə çalışırlar. Amma ortada Azərbaycan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin bəyanatı var. “Dəmir yumruq” yerindədir. Bütün bunları nəzərə alsaq, həmin maraqlı qüvvələr Ermənistanla Azərbaycan arasında münaqişənin alovlandırılmasının marağındadır. Münaqişə aktiv fazaya qədəm qoyduqdan sonra beynəlxalq institutlar fəallaşmağa başlayacaqlar və ikili standartlara söykənən qətnamələr qəbul edəcəklər. Bu qətnamələri əsas tutaraq regionda marağı olan Qərb dövlətləri maraqlarını təmin etmək məqsədilə qətnamənin tələblərinin yerinə yetirilməsi bəhanəsi ilə regiona nüfuz edərək, Rusiyaya qarşı planlarını həyata keçirməyə çalışacaqlar. Bu da Ermənsitan ərazisində böyük bir qarşıdurmaya səbəb olan təhlükəli proseslərə yol aça bilər.
- Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da məhz bu prosesi nəzərə alaraq, bəyan edib ki, Rusiya Ermənistanı qardaş ölkə sayır və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək…
- Bəli, Rusiya Peskovun dili ilə münasibətini bildirib. Çünki Rusiya Ermənistanın regionu təhlükəyə sürüklədiyini bilir və görür. Bu təhlükə tək Azərbaycana deyil, digər region ölkələrinə da sirayət edəcək. Regiondan “Orta Dəhliz”in keçirilməsi layihəsi işlənilir. Böyük layihələr var. Bu fonda siyasi və geosiyasi məqsədlərə nail olmaq üçün böyük dövlətlərin maraqlarının toqquşması bu layihələrin ertələnməsinə səbəb olur. Proseslər bu cür davam edərsə, Ermənistanı Ukrayna və Suriyanın taleyi gözləyir. Ermənistan hazırda öz iqtisadiyyatının dirçəlməsinə çalışmalı olduğu halda, böyük dövlətlərin maraqlarının qurbanına çevrilmək yolunu tutub. Regionda yeni münaqişə ocaqları yaranarsa, terorrçular da, muzdlular da peyda olmağa başlayacaq.
Hesab edirəm ki, Azərbaycanın antiterror əməliyyatları keçirməsi istisna edilmir. Müdafiə Nazirliyinin da ciddi xəbərdarlığı ondan xəbər verir ki, Azərbaycan ordusu ölkəmizin təhlükəslziyi və ərazi bütövlünü təmin etmək üçün bütün tədbirlər görülüb, görülür və görüləcək. Təxribatın məqsədi və miqyasından asılı olmayaraq, Azərbaycan Silahlı Qüvvələri təxribatları təhlil edir, prosesləri çox diqqətlə müşahidə edir, lazım olan əlavə tədbirlər görülür. Bütün təxribarlara layiqli cavablar veriləcək. Ordumuz bunu sübut edib. Antiterror əməliyyatlarının gündəmə gəlməsi Ermənistan hərbi-siyasi rəhbərliyinin tutduğu siyasətdən irəli gəlir.
Aydın Baxış