“Ermənistan 1991-ci ildə müstəqilliyini elan etsə də, heç vaxt tam müstəqil dövlət ola bilməyib”.
Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
Keçmiş XİN başçısının sözlərinə görə, Ermənistan hələ sovet dövründə SSRİ-nin dotasiyaları və müxtəlif maliyyə mənbələri hesabına mövcudluğunu qoruyurdu.
“1991-ci ildən sonra isə Ermənistan Kremlin ətəyindən yapışaraq öz təhlükəsizliyini və iqtisadiyyatını müəyyən qədər təmin etməyə çalışıb. Lakin hazırda Rusiyanın Ukrayna ilə müharibə səbəbindən üzləşdiyi ağır vəziyyət bu imkanları ciddi şəkildə məhdudlaşdırıb.
Ermənistan cəmiyyətində artıq belə bir fikir formalaşıb ki, Rusiya onları satıb. Reallıq isə ondan ibarətdir ki, Moskvanın əvvəlki illərdə olduğu kimi Ermənistana iqtisadi imkanlar yaratması, bazarlarını açması və geniş dəstək verməsi artıq mümkün deyil. Rusiya özü dərin böhran şəraitindədir və belə vəziyyətdə Ermənistanı əvvəlki kimi dəstəkləməkdə çətinlik çəkir”, – deyə Zülfüqarov bildirib.

Tofiq Zülfüqarov: İrəvanın Avropa İttifaqının qanadları altına sığınmaqdan başqa alternativi qalmayıb
Onun fikrincə, məhz bu səbəbdən İrəvan yeni maliyyə və siyasi dayaqlar axtarmağa məcburdur.
“Avropa İttifaqı tərəfindən müxtəlif vədlər səsləndirilir. Ancaq həmin vədlərin nə dərəcədə reallaşacağı hələ də sual altındadır. Bir məsələ aydındır ki, Ermənistanın dövlətçiliyi ciddi böhran yaşayır. Təhlükəsizlik təminatını da, iqtisadi inkişaf imkanlarını da kənarda axtaran Ermənistan Rusiyanın mövcud vəziyyətini yaxşı anlayır. Bu səbəbdən İrəvanın Avropa İttifaqının qanadları altına sığınmaqdan başqa alternativi qalmayıb”, – deyə sabiq nazir vurğulayıb.
Aydın Baxış
Bakı 



