Suriyada devrilmiş Bəşər Əsəd rejiminin vətəndaş müharibəsi zamanı istifadə etdiyi çəllək bombalarının istehsal edildiyi obyekt aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bombaların paytaxt Dəməşqdə insanların girişinin qadağan edildiyi Kasyun dağında istehsal edildiyi müəyyən olunub.
Ucuz olmasına baxmayaraq böyük dağıdıcı təsirə malik bombalar Əsədə sadiq qüvvələrin vətəndaş müharibəsində ən çox istifadə etdiyi silah-sursatlardan biridir.
Tərkibində partlayıcı, metal qırıntıları, mismar olan bombalar vətəndaş müharibəsində minlərlə mülki şəxsin ölümünə səbəb olub.
Suriyada mülki şəxslərə qarşı insan haqları pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) 2012-ci ilin iyul-2021-ci ilin aprel aylarını əhatə edən hesabatına görə, rejim qüvvələri mülki yaşayış məntəqələrinə hücumlarında 81 min 916 dəfə çəllək bombalarından istifadə edib.
Bu hücumlarda 1821-i uşaq, 1780-i qadın olmaqla 11 min 87 mülki şəxs həyatını itirib.