• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Əsədin zəifləməsi, Rusiya və İranın bölgədə zəifləməsi deməkdir - AÇIQLAMA

DÜNYA

02 Dekabr 2024 | 14:21

Əsədin zəifləməsi, Rusiya və İranın bölgədə zəifləməsi deməkdir - AÇIQLAMA

“2011-ci ildən bu yana Suriyada ciddi böhran yaşanmaqdadır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyib.

Professorun sözlərinə görə, Suriyada müxalif qruplaşmaları silahlandıran Qərb Əsəd rejimini devirmək planını dövriyyəyə buraxdılar. Amma 13 ildir davam edən bu siyasət nəticə vermədi:

"Suriyada Bəşər Əsədə qarşı hərəkat başladıqdan sonra İran və Rusiya açıq və gizli şəkildə rejimi müdafiə etməyə başladılar. İndi Suriya daxilindəki silahlı qruplaşmalar mərkəzi hökuməti devirmək üçün ciddi hərbi əməliyyatlara start veriblər. Ancaq burada diqqət çəkən məsələ odur ki, Rusiya Suriyada Əsəd rejimini müdafiə edərkən Ukraynada Zelenski hökumətini devirmək üçün müharibə aparır. ABŞ-də Donald Trampın prezident seçilməsi və "müharibəni dayandıracam" deməsindən sonra Pentaqon yanvarın 20-dək, yəni Trampın vəzifəsinə başlayacağı günədək Rusiya-İran arasında gərginliyə səbəb olmaq və Moskvanı çətin duruma salmaq məqsədi ilə önəmli addımlar atdı. Bu addımlardan biri Ukraynaya verilən raketlər və onların istifadəsinə icazə verilməsi idi. Rusiya cavab tədbirləri görməyə çalışsa da, nəticələr istədiyi kimi olmadı. Bunun ardınca ABŞ-nin dəstəyi ilə "Həyat Təhrir əş-Şam" yaraqlıları Hələb şəhərinə hücuma keçdilər. Suriyanın şərq və qərb olaraq iki hissəyə bölünmə ehtimalı da güclüdür".

H.Oktay vurğulayıb ki, Türkiyə bir tərəfdən Əsədə qarşı vuruşan müxalif gücləri müdafiə edir, digər yandan da "Həyat Təhrir əş-Şam" qruplaşmasının ideologiyasına yaxın durmur:

"Türkiyə belə həssas bir balansı qoruyur. Türkiyə bölgədə PKK-nın yeni təsir dairəsinin yaranmaması üçün müxalif qüvvələrə dəstəyini verir. Nəzərə alaq ki, Əsədin zəifləməsi, dolayısı ilə Rusiya və İranın bölgədə zəifləməsi deməkdir. "Həyat Təhrir əş-Şam" qruplaşmasının hərəkə keçməsindən sonra dünya gücləri zənn edirdi ki, Rusiya dərhal müdaxilə edəcək və Hələbin müxalifətin əlinə keçməsinə imkan verməyəcəkdi. Ancaq hələlik gözlənti özünü doğrultmur”.

Hasan Oktay: İranda İraq və Suriya modelindən daha təhlükəli modelin tətbiqi ehtimalı var

Müsahibimizin sözlərinə görə, İranın bölgədə getdikcə zəifləməsi Tehranın Suriyadan çəkilməsinə yol açacaq.

Siyasi şərhçi qeyd edib ki, əgər İran Suriyada qalmağa, proksi qüvvələr vasitəsilə İsraillə mübarizəyə davam edərsə, İranda İraq və Suriya modelindən daha təhlükəli modelin tətbiqi ehtimalı var.

Qeyd edək ki, Suriyada müxalif silahlı qüvvələr - "Həyat Təhrir əş-Şam" Hələb şəhərini və İdlib vilayətini ələ keçiriblər. Qruplaşma Həma şəhərini də ələ keçirmək uğrunda Əsəd qüvvələri ilə vuruşur. Hücum nəticəsində Suriya ordusunun çoxlu sayda hərbçisinin öldürüldüyü bildirilir.

Suriyanın Marat ən-Numan şəhəri də qiyamçıların nəzarəti altındadır. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) isə PKK-ya qarşı hərəkətə başlayıb və illər sonra Tel-Rıfatı terrorçulardan geri alıb.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Tərəflər arasında Suriyada baş verən son hadisələr müzakirə olunub. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu deyib. Gərginliyin azaldılması, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının vacibliyini vurğulayıb.

Fidan Türkiyəyə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verilməyəcəyinə də diqqət çəkib.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Suriya Prezidenti Bəşər Əsədin müxtəlif siyasi qüvvələrlə danışıqlar aparmaq istəməməsi ölkədə müxalif qrupların hücumuna səbəb olub. İddia edilir ki, Bəşər Əsəd İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib. Əsədin Türkiyə tərəfi ilə danışıqlar aparmaq üçün Antalyaya təhlükəsizlik heyəti göndərdiyi bildirilir.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Ərdoğan dəfələrlə Suriya tərəfi ilə birbaşa danışıqlara hazır olduqlarını bildirsə də, qarşı tərəfdən müsbət cavab almamışdı.

Aydın Baxış


SON XƏBƏRLƏR