Estoniyada NATO ölkələrinin hərbçilərinin iştirak etdiyi iki həftəlik Pikne (İldırım) təlimi başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniyanın "Postimees" qəzeti məlumat yayıb.
Məlumata görə, təlimlər Estoniyanın müttəfiqlərinin gəmilərinin gəlişini və aktiv hava əməliyyatlarının aparılmasını nəzərdə tutur.
Qeyd olunub ki, əsas aksiyalar dekabrın 2-dən 15-dək ölkənin şimal və şimal-şərq bölgələrində baş tutacaq.
“Təlim zamanı Fransa, Böyük Britaniya və Estoniya qüvvələrinin sürətlə köçürülməsi, həmçinin onlar arasında əməkdaşlığı gücləndirmək lazımdır. Fransa Silahlı Qüvvələrinin bölmələri qüvvələrin Estoniyaya köçürülməsi üçün quru və hava əməliyyatları keçirəcək, bundan sonra Böyük Britaniya və Estoniya bölmələri ilə birlikdə verilən tapşırıqların yerinə yetirilməsi üzrə məşq edəcəklər”, - deyə bölmə komandiri və təlimə məsul olan mayor bildirib.
Belə ki, manevrlərdə Estoniya, Latviya, ABŞ, Fransa və Böyük Britaniyadan 2 minə yaxın hərbçi iştirak edəcək. Onlara Estoniya Müdafiə Qüvvələrinin quru, hava və dəniz bölmələri, həmçinin NATO-nun ölkədəki döyüş qrupu və təlim zamanı yerləşdirilən digər bölmələr cəlb olunub.
Mina Mikayılova