Bakıvaxtı.az-ın “Düzünü desək” rubrikasının budəfəki qonağı iqtisadçı-ekspert Fuad İbrahimovdur.
Onunla söhbəti təqdim edirik.
- Son günlər pensiya yaşının azadılması ilə bağlı müxtəlif iddialar ortaya atılıb. Kimi deyir əmək pensiyasına görə yaş həddi azaldılmalıdır, kimi bildirir ki, ümumilikdə pensiya yaşı aşağı salınmaldır. Sizcə, bu proses necə tənzimlənməldir ki, hamı razılıq ifadə etsin?
- Problemlərin həlli üçün ilk növbədə maliyyə dayanıqlığı və maliyyə imkanları lazımdır. Azərbaycanda bu imkanlar mövcuddur. İndi Sovet dövrünü pisləyirlər, amma o dövrdə hər kəs bərabər şəkildə yaşaya bilirdi. O vaxt məskunlaşdığımız binada 65 ailə vardı, müəllim, həkim, polis, hərbçi - hamı bərabər yaşayırdı. İndi dövran dəyişilib, kapitalizmin də tələbləri odur ki, hər kəs bacarığına uyğun qazanır. Amma hər kəs də bacarıqlı ola bilməz axı.
Hökumət, dövlət sosialyönümlü layihələri həyata keçirməlidir. MDB məkanında bu problemlər həll olunmur. İndiyə qədər maaşlar və təqaüdlər qənaətbəxş deyil. Digər MDB ölkələrindən fərqli olaraq, bizim imkanlarımız var.
Hazırkı vəziyyət elədir ki, adamların gəlirləri ilə xərcləri üst-üstə düşmür. Bu mənada cəmiyyətdə aqressivlik, diskomfort yaşanır. Keçmişdə belə məsələlər yox idi. Sosialyönümlü layihələrə 15-20 faizlik artımla deyil, köklü şəkildə dəyişiklik etməklə institusional şəkildə yanaşmaq lazımdır.
Əlbəttə, pensiya yaşını aşağı sala bilərik. İndi kişilər pensiyaya 65 yaşda çıxırlar, az qala 5-6 aya qadınların da pensiyaya çıxma yaşları 65-ə çatacaq. Müəyyən dəyərlərimiz mövcuddur. Kişilərlə xanımlarda bu mənada fərqlər olmalıdır. Düzdür, indi gender bərabərliyini ortaya atıblar, bunu başa düşürük. Amma hər şeyin bir qədəri var. Hesab edirəm ki, kişilərin pensiyaya çıxma yaşı 62-yə, qadınlarınkı isə 60-a endirilsin. Bu, stimullaşdırıcı addım olardı. Ölkə olaraq buna imkanlarımız çatır. İnsanların mövcud durumu da buna tələb edir. 62, 60 təminatına gedə bilsələr, əhali bunu böyük məmnunluqla qarşılayar.
- Hazırda 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. Sizcə, bu, indiki məqamda real və obyektiv yanaşmadırmı?
- Azərbaycanda 3 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunmalıdır. Dolanışıq və imkan yoxdur. Ailələr artıq elə planlaşdırırlar ki, maksimum 2 uşaq dünyaya gətirirlər. Bu da demoqrafik artımı tormozladır. Bu məsələ ideoloji nöqteyi-nəzərdən də stimullaşdırılmalıdır.
- Uşaqpulunun verilməsi də daim müzakirə olunur. Bəzən belə iddialar səsləndirilir ki, uşaqpulu verilməli olduğu halda yüksək əmək haqqı alan məmurların da övladlarına verilməli olcaq ki, bu pul heç o məmura lazım deyil. Sizcə, məlum sahədə hansı mexanizm tətbiq edilməlidir?
- Birincisi, bu bəhanə olmamalıdır. Məmur və yaxud da 1500 manatdan yuxarı maaş alanlara differensial qayda ilə yanaşıb, onları istsina etmək olar. Amma burada status dəyişir, bu, uşaqpulu deyil, ünvanlı sosial yardım olur. Amma bütün uşaqlar dünyaya bərabər hüquqlarla gəlirlər. Kasıb da, varlı da dünyaya uşaq kimi gəlir. Kimsə anadan varlı doğulmur ki... Kiminsə hüquqları tapdanmamalıdır. Düşünürlərsə ki, imkanlı ailələrə uşaqpulu verilməməlidir, onda differensial qaydada yanaşmaq lazımdır ki, kasıb ailələrin övladları uşaqpulundan məhrum olmasınlar. İndiki vəziyyətdə ailələrə uşaqpulu lazımdır.
- Ərzaq və kənd təsərrüfatı məhsullarında bahalaşmalar artıq eynəksiz görünən məsələdir. Sizcə, hansı mexanizm işlənməlidir ki, bazardakı qiymətlər əhalinin gəlirlərinə uyğun həyata keçirilsin?
- Bazarlarda açıq-aşkar inhisarçılıq mövcuddur. Bu gün kəndli, fermer bilsə ki, məhsulunu rahatlıqla bazara çıxara biləcək, o fermer gecəsini gündüzünə qatıb çalışacaq.
Rayonlara səfər edirik. Görürük ki, yeşik-yeşik pomidorları 20-25 qəpiyə satırlar, amma o pomidorlar Bakıya gəlib çıxa bilmir. Bu da bir bəladır. İqtisadiyyat Nazirliyi bunu aradan qaldırsa, çox yaxşı olardı. İnanıram ki, bu istiqamətdə lazımi addımlar atılacaq. Qiymətəmələgəlmə prosesinə diqqət yetirilməlidir.
Kəndlinin, fermerin malı, məhsulu elə sahələrdə batıb gedir. Bunun statistikası var. Bizə bu istiqamətdə çoxsaylı şikayətlər gəlir. Kəndli 4 ton pomidordan 200-300 kilosunu sata bilir, qalanı məhv olur. Bu sahədə də maklerlər “fəaliyyət” göstərirlər. Topdansatış mərkəzləri, market şəbəkələri fermerlərə mane olurlar. Market şəbəkələrində idxal olunan malların qiymətinə dair araşdırma apardıq. Malın istehsalçı qiyməti bəlli, gömrük rüsumları bəlli, logistik daşınması bəlli, burada satışını təmin edib, üzərinə xeyir qoyulması bəlli, ƏDV də bəlli, amma yenə də görürük ki, bir məhsulda 30-40 faiz bilinməyən “şapka” var. Bunun nə olduğunu anlaya bilmirik. Buna birinci dərəcəli qiymət diskriminasiyası-inhisarçılıq deyirlər. Bazar iqtisadiyyatında da belə bir fikir var ki, “görnüməz əl”, yəni dövlət bazarın tənzimlənməsində iştirak edə bilər. Dövlətin buna müdaxilə edib, qiymətəmələgəlmə prosesində şəffaflıq yarada bilməsi mümkündür. Belə olan halda hər şey qaydasına düşəcək.
- Son günlər manatın növbəti dəfə ucuzlaşacağı, dolların isə bahalaşacağına dair iddialar var. Sizcə, indiki məqamda buna iqtisadi zəmin yaranıbmı?
- Dollar manat nisbətində 2016-cı ildən götürdüyümüz 1,70 kursu dəyişilmir və bu da administrativ idarəetmə üslubudur. İqtisadiyyatımız da buna uyğunlaşıb. Bu gün dollar qarşısında manatın ucuzlaşacağı real görünmür. Çünki makroiqtisadi tarazlığımız və maliyyə dayanıqlığımız var. İdxal-ixrac əməliyyatları arasındakı müsbət saldonu qoruyub saxlaya bilirik. Bu, onu göstərir ki, Azərbaycan manatının ucuzlaşmasına heç bir siqnal yoxdur. İlin sonuna qədər belə proqnoz vermək mümkündür.
Amma bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın dollar qarşısındakı məzənnəsi qərarla tənzimlənir. Hazırkı vəziyyətdə manatın məzənnəsində stabillikdir. Hər hansı bir təlatümlü məsələ yoxdur.
Aydın Baxış