• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Heç nə üçün təəssüflənmirəm” – Cavanşir Paşazadə ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

18 Aprel 2022 | 09:50

“Heç nə üçün təəssüflənmirəm” – Cavanşir Paşazadə ilə MÜSAHİBƏ

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadənin Bakıvaxtı.az-a müsahibəsini təqdim edirik:

- Orucluğun artıq on yeddinci günündəyik. Oruc tutmaq sizin üçün çətin olmur?

- Təbii ki, bir çətinliyi yoxdur. Əgər insanın iradəsi varsa, məqsədi varsa, onu həyata keçirmək çətin olmur.Orucluq da o məqsədlərdən biridir. Heç bir çətinlik hiss etmirəm.

İnsan ruhundan kənar olan ermənilər qədər vəhşilik törədən ikinci bir millət tanımıram

 - Erməni işğalından azad olunan əraziləri ziyarət etmiş, dini və tarixi abidələrimizə qarşı törədilən vəhşilikləri gözlərinizlə görmüsünüz. Amma təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu vandalizmi törədən Ermənistanı deyil, Azərbaycanı günahlandırır. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün daha nələr etməliyik?

- Otuz il işğalda olan torpaqlarımızı cənab Prezidentin doğru apardığı siyasətin və Ordumuzun gücü sayəsində azad edə bildik. Ərazilərimiz işğaldan azad olunandan sonra Ağdam və Şuşada olmaq mənə də qismət oldu. Mən birinci Ağdamda oldum. Ağdamda törədilən vəhşilikləri, qazılan səngərləri, mina ilə dağıdılmış məkanları görəndə insan dəhşətə gəlir. Səfər zamanı bir az da irəli gedəndən sonra dağıdılan, partladılan evləri gördük. İnsan ruhundan tamamilə kənar olan ermənilər qədər vəhşilik törədən ikinci bir millət tanımıram.

Əlbəttə, cənab Prezident 44 günlük müharibə dövründə xarici televiziya kanallarına verdiyi müsahibələrdə erməni vəhşiliklərini, onların əsl üzünü dünyaya tanıtdı. Halbuki bu otuz il müddətində beynəlxalq təşkilatlar bu vəhşiliklərin törədildiyinə inanmıdılar. Lakin müharibədən sonra onların nümayəndələri torpaqlarımızın necə bir təcavüzə uğradığını gördülər. Onlar artıq bildilər ki, bu otuz il müddətində bu həqiqətləri qulaqardına vurublar. İstər Minsk qrupu, istərsə də özlərini bizə dəstək olurmuş kimi göstərən digər beynəlxalq təşkilatlar bu həqiqətlərin üzə çıxmamağı üçün nə lazımdır ediblər.

Heç bir dövlət müharibədən sığortalanmayıb. Amma bir ölkənin müharibədən 10-15 gün sonra bərpa işlərinə başlaması, layihələr təsdiq etməsi, biznes üçün o ərazilərə vəsait yatırılması bir ilkdir. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdi.

 - Prezident bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə postmüharibə dövrü ilə bağlı çox ciddi açıqlamalar verdi. Sizcə, Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul edəcəkmi?

- Bilirsiniz ki, ilk dəfə olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu və bizim qoyduğumuz şərtlərlə razılaşmalı olduqlarını açıqladı. Çünki Paşinyan artıq dünya ölkələrindən onlara verilən sözlərin yerinə yetirilməyəcəyini başa düşür və bilir ki, Ermənistan əhalisinin vəziyyətini ancaq Azərbaycanla razılaşmaq həll edə bilər. Paşinyan Azərbaycanın şərtlərinin həm region, həm də Ermənistan üçün vacibliyinin fərqindədir. Buna görə də mən belə başa düşürəm ki, Ermənistan tərəfi Azərbaycan şərtlərini qəbul etməyə tam hazırdır. Hesab edirəm ki, 2-3 aydan sonra bu məsələ tam həllini tapacaq.

Milli Məclis dövlətin apardığı siyasətdən kənarda qalmır

- Parlamentin təcrübəli deputatlarindansınız. Milli Məclis ölkədə aparılan siyasi və iqtisadi islahatlara öz töhfəsini necə verir?

- Əlbəttə, parlament dövlətin, hökümətin verdiyi hər bir təklifi müzakirəyə çıxarır və aparılan islahatlara öz töhfəsini verir. Milli Məclis dövlətin apardığı siyasətdən kənarda qalmır.

- Milli Məclisin üzvü kimi seçicilərlə tez-tez görüşürsünüz. İnsanlar daha çox hansı problemin həllini istəyir?

- Seçicilərimin mənə ünvanladığı suallar daha çox kənd təsərrüfatı və bu istiqamətdə qəbul edilən qanunlarla bağlı olur. Təbii ki, siyasi istiqamətdə də ünvanlanan suallar heç də geri qalmır. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində cənub bölgəsi də çox şəhid verdi. Elə ailələr var ki, torpağa 2 şəhid verib. Seçicilərim bizim vasitəmizlə cənab Prezidentə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya görülən işlər, aparılan islahatlarla bağlı təşəkkürlərini bildirirlər.

Bir jurnalist deyə bilməz ki, zəngini açmadım və ya qəlbini sındırdım

- Siz həm də media ilə işləyən, jurnalistlərin suallarını cavabsız qoymayan deputatlardansınız. Lakin bəzi həmkarlarınızla əlaqə yaratmaq, ümumiyyətlə, müşkül məsələdir. Buna münasibətiniz necədir?

- Təbii ki, hərənin öz fikri, yanaşması var. Mənim yanaşmam belədir ki, bir insan mənə müraciət edirsə, onu ən ali dərəcədə qəbul edirəm, fikrim onun yanında qalır. Həmçinin jurnalistlərə qarşı da eyni yanaşmadayam. Hələ bir jurnalist deyə bilməz ki, zəngini açmadım və ya qəlbini sındırdım. Bəzən jurnalisitin sahəmdən kənar sualını cavablandıra bilməsəm də, çalışıram ki, onun qəlbini qırmayım. Mən kobud, aqressiv reaksiyanı sevmirəm. Çünki istər jurnalist, istərsə də millət vəkili olsun, hər birimizin işimiz var. Əgər mənim işim qanun qəbul etmək, seçicilərimin qayğısına qalmaqdırsa, jurnalistin də işi onu işıqlandırmaqdır. Heç bir jurnalist millət vəkilinə kefindən zəng etmir. Əgər media nümayəndəsi mənə zəng edib nə isə soruşursa, deməli, mənə hörmətlə yanaşır, dövlətin apardığı siyasəti xalqa çatdırmağa çalışır. Mənim ona kobud, laqeyid yanaşmağım həm etikadan kənardır, həm də qanuna uyğun olmayan məsələdir.

Dövlətin qəbul etdiyi qanunların içində imzası olmaqdan böyük xoşbəxtlik ola bilməz

- Bildiyiniz kimi, din xadimlərinin akkreditasiyadan keçirilməsi məsələsi də gündəm mövzularındandır. Sizcə, bu islahat nə dərəcədə effekt verəcək?

- Təbii ki, din xadimləri də akkreditasiyadan keçirilməlidir. Bu komissiyanın rəhbəri, üzvləri kimlər olacaq, hələ bəlli deyil. Hələ komissiyanın tərkibi ilə bağlı bizə təkliflər, müraciətlər gəlməyib. Bu istiqamətdə hələ işlər gedir.

- Bu qədər hadisələrin şahidi olmusunuz. Orta imkanlı ailədə böyüyüb, müəyyən bir pilləyə çatmısınız. Geriyə baxanda təəssüfləndiyiniz məqam varmı?

- Mən heç nə üçün təəssüflənmirəm. Çünki həyatı necə yaşamaq, xalqa, dövlətə, ailəyə xidmət göstərmək önəmlidir. Bilirsiniz ki, mən cənubda doğulub böyümüşəm, orta təhsilimi orda almışam. Sonrakı dönəmdə ali təhsilimi Özbəkistanda almış, müəyyən vəzifələrdə çalışmışam.

Daha sonra seçicilər tərəfindən millət vəkili seçilmişəm. Artıq iyirmi ilə yaxındır ki, millət vəkiliyəm. Bu müddətdə nə qədər qanunlar qəbul etmiş, digər həmkarlarım kimi mən də xalqın rifahı üçün çalışmışam. Dövlətin qəbul etdiyi qanunların içində mənim də imzam var. Bundan böyük xoşbəxtlik ola bilməz ki! Azərbaycanın əvvəlki dönəminə də şahid olmuşam. Azərbaycanın əvvəlki dövlət büdcəsinin rəqəmini belə deməyə adam utanır. İndi isə dövlətimizin 27 milyard manat büdcəsi var. Ölkəmizin gün-gündən daha da abadlaşdırılmasını, kəndlərə yollar çəkilməsini, su, qaz, işıq probleminin aradan qaldırılmasını, Prezidentin gördüyü işləri, gələcəyə olan ümidi görə-görə gəlmək, böyük xoşbəxtlikdir.

Biz 44 günlük müharibə dönəmində əvvəl, bəlkə də düşünürdük ki, indiki gənclər əvvəlki kimi deyil. Lakin Vətən müharibəsində o igidlərin göstərdikləri şücaət bizi bunu deməyə əmin etdi ki, indiki gənclər bizim gənclik dövrümüzdən də daha güclü imiş. Onlara xalqın gələcəyini etibar etmək olar.

Nəvənin səsi də, şıltaqlığı da adama rahatlıq verir

- Tətil vaxtı sizlə əlaqə saxladıqda adətən nəvələrlə olduğunuzu bildirirsiniz. Zamanınız nəvələrinizlə daha yaxşı keçir, deyəsən.

-  Nəvələrlə insanın ruhu dincəlir.

- Adətən deyirlər ki, nəvə övladdan da şirindir...

-  Hərdən mənə deyirlər ki, nəvələrinlə daha çox vaxt keçirirsən. Zarafat edirəm ki, yəqin adamın yaşının elə dönəmidir ki, ağlın nəvənin ağlıyla düz gəlir (gülür). Nəvəyə gəl deyirsən, gəlir, sarıl deyirsən, sarılır. Amma zəng edirsən, oğula, qıza ki, gəl, görürsən hələ 1 saatdır, gəlib çıxmayıb. Təbii ki, övladların hamısı şirindi, onlara qayğı ilə yanaşmaq lazımdır. Amma nəvələrlə insanın beyni, ruhu istirahət edir. Nəvənin səsi də, şıltaqlığı da adama rahatlıq verir.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

25 Aprel 2024