q
  • Bakı 15° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Hələ də çay yataqlarında kəndlər salınır...

CƏMİYYƏT

08 May 2026 | 15:25

Hələ də çay yataqlarında kəndlər salınır...

Memarlıq üslubunda layihələndirilən və inşa olunan bütün tikililər öz tərkibinə və keyfiyyətinə görə daim inkişaf edir. Burada həm Şərq, həm də Avropa memarlıq məktəblərinin təsiri hiss olunur. Eyni zamanda, əvvəlki dövrlərdən qalan yanaşmaların müasir formada tətbiqi də yeni tendensiya kimi ortaya çıxır. Amma əsas məsələ budur ki, bu gün Azərbaycanda tikinti prosesində mövcud olan problemlər nədən ibarətdir?

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 fevral 2026-cı il tarixli, 130/Ü nömrəli əmri ilə təsdiqlənmiş İş Planı çərçivəsində keçirilən “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, yeni yaşayış məntəqələri salınarkən və ya mövcud qəsəbələr genişləndirilərkən ekoloji amillər mütləq nəzərə alınmalıdır:

“Məsələn, yeni qəsəbə salınır və ya mövcud qəsəbə genişlənir. Belə olan halda həmin ərazidə kanalizasiya sistemi olmalıdır. Bərk məişət tullantıları və digər tullantılar qanunvericiliyin tələblərinə uyğun idarə edilməlidir. Ekoloji məsələlər layihələndirmə prosesində öz əksini tapmalıdır”.

Sədr qeyd edib ki, illər əvvəl Aşqabad şəhərində həyata keçirilən yeni şəhərsalma layihələrində binalar arasındakı məsafə 100 metrdən artıq olurdu. Onun sözlərinə görə, həmin layihələrdə ekoloji və sosial faktorlarla yanaşı, gələcək inkişaf perspektivləri də əvvəlcədən nəzərə alınırdı:

“Bizim yaddaşımızda isə başqa bir yanaşma qalıb. Yaşlı nəslin nümayəndəsi kimi mən də bunu hiss edirəm. Vaxtilə elə boş sahələr var idi ki, heç kimin ağlına gəlməzdi orada özbaşına tikinti aparsın. Miqyas tamam fərqli idi. Qonşuluq münasibətləri də başqa idi. İnsanlar bir-birinin şəxsi məkanına müdaxilə etmirdi. Bu gün isə bəzən bir balkon digər balkona həddindən artıq yaxın tikilir”.

Mirsalam Qənbərov vurğulayıb ki, ekoloji təhlükəsizlik məsələləri şəhərsalma siyasətində xüsusi yer tutmalıdır. O qeyd edib ki, yağışlar, Xəzər dənizinin geri çəkilməsi və sonradan su səviyyəsinin dəyişməsi sel və daşqın risklərini daha da aktuallaşdırır:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə ən vacib məsələlərdən biri məhz sel və daşqın sularından mühafizədir. Xüsusilə sərhədyanı rayonlarda — İran və Türkiyə istiqamətində yerləşən kəndlər əsasən dağlıq və hündür ərazilərdə salınıb. Çay yataqlarına yaxın münbit ərazilər isə kənd təsərrüfatı məqsədilə istifadə olunub, məhsul yetişdirilib, fermalar yaradılıb. Məqsəd münbit torpaqları qorumaq və kənd təsərrüfatı üçün əlverişli şərait yaratmaq idi”.

Sədr əlavə edib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi hallarda yenə də çay yataqlarında yaşayış məntəqələrinin salınması müşahidə olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR