Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, Qəza nəticəsində həlak olan 14 hərbi qulluqçunun nəşi Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Patoloji Anatomiya Bürosuna gətirilib.
Burada həlak olmuş yüksək rütbəli zabitlərin nəşi müayinə olunub. Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.
Helikopter qəzasında həlak olan hərbçilərin ailə üzvləri Patoloji Anatomiya Bürosunun qarşısına toplaşıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Ramid İbrahimov


















