Xəbər verdiyimiz kimi, ötən gecə Göyçay şəhərindəki "Zeynəb" restoranında təşkil olunan iftar süfrəsində iştirak edən rayon sakinlərindən 10 nəfəri məclisdən sonra özlərini pis hiss ediblər. Pomidor turşusundan zəhərləndiyi ehtimal olunan həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ümumiyyətlə, təşkil olunan iftar süfrələrində adətən nəyə diqqət yetirmək lazımdır ki, belə xoşagəlməz hallarla qarşılaşmayaq?
Ağa Salamov: "Bütün yeməklər vaxtında bişirilməli, süfrəyə verilməli, istehlak olunmalıdır”

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, zəhərlənmələr müxtəlifdir: kimyəvi, bioloji zəhərlənmə ola bilər: “Yəni, bioloji çirklənməyə məruz qalmış qidanın istehlakı zamanı zəhərlənmə ola bilər. Bu da riskli məhsulların yaxşı bişirilməməsi, otaq temperaturunda, süfrədə çox qalması səbəbindən ola bilər. Ona görə də, hər şey vaxtında bişirilməli, süfrəyə verilməli, istehlak olunmalıdır”.
A.Salamov vurğulayıb ki, iftar süfrələrində konservləşdirilmiş məhsullardan uzaq durmaq lazımdır: “Dəmir qablarda satılan turşular, soyulmuş pomidorlardan uzaq durmalıdırlar. Çünki dəmir qablarda qidaya kimyəvi zəhərlənmə ötürülür. Bu da zəhərlənməyə yol açır. Hər bir şeyin orqanik olanı, yəni təzəsi yaxşıdır. Əlavə olaraq, alınan məhsullar, göyərtilər yaxşı yuyulmalıdır. Biz o göyərtilərə nə vurulduğunu bilmirik. Çox vaxt insanlar göyərtiləri alma sirkəsi ilə yuyurlar, bu, yanlışdır. Ən yaxşısı çay sodası ilə yuyular göyərti və tərəvəzlərdir. On litr suya maksimum iki xörək qaşığı çay sodası əlavə edib göyərtiləri sodalı suda saxlayıb axar suda duruladıqdan sonra istehlak etmək olar”.
Eyyub Hüseynov: "Nə qədər ki, sertifikat verən orqanla məhsulların təhlükəsizliyini təmin edən qurum bir əldə birləşib, günah öləndə olacaq”

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun Bakıvaxtı.az-a dediyinə görə, əgər zəhərlənmədən insan ölümü olsa, istehlakçının özü günahkardır: “25 ildir ki, mən istehlakçı hüquqlarını qoruyuram, qida məsələləri də işimizin 10%-ni təşkil edir. Mən hələ görməmişəm ki, Azərbaycan həkimi sanaye üsulu ilə istehsal olunmuş bir məhsuldan zəhərlənmə barədə sənəd versin. Təbii ki, ölkədə zəhərlənmədən ölənlər, əlil qalanlar olub, amma bir dəfə də olsun sənaye məhsulundan zəhərlənmə görməmişəm. Nə qədər ki, sertifikat verən orqanla məhsulların təhlükəsizliyini təmin edən orqan bir əldə birləşib, günah öləndə olacaq”.
E.Hüseynov deyib ki, istehlakçılar, xüsusən oruc tutmuş insan mədəsi boş bir şəraitdə qida istehlak edən zaman diqqəti qidaların təzəliyinə yetirməlidirlər: “Mümkün qədər evdə hazırlanmış məhsullardan uzaq olsunlar. Çünki sanaye üsulu ilə hazırlanmış mallardan zəhərlənsələr, yenə də evdə hazırlanmış məhsullardan zəhərlənəndə özləri günahkar olacaqlar. Bir sözlə, Azərbaycan vətəndaşlarının qida mədəniyyətsizliyində evdə şoraba hazırlamaq mədəniyyətsizliyi var. Bu, çox ciddi bir məsələdir, Azərbaycan ənənələrindən götürülməlidir. Evdə şoraba hazırlamağa son qoyulmalıdır. Ümumiyyətlə, şorabaların hamısı insana zərərlidir. Torpaqla təmasda olmuş məhsuldan şoraba hazırladıqda məhsulda olan təhlükəli mikroorqanizmlər şorabaların tərkibinə keçə bilər. Xüsusən mədəsində problem olan adamlar iftar süfrəsində diqqətli olmalı, mümkün qədər göbələk, balıq və köhnə məhsullardan uzaq olmalıdırlar. Həmçinin, özlərini pis hiss edən kimi dərhal həkimə müraciət etməli, çox su, qatıq içməlidirlər”.
Aytac Aslan
















