İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında “Fəth İncil” əməliyyatı ilə bağlı açıqlama yayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, 22 iyun 2025-ci ildə İran ABŞ-nin ölkənin ərazi bütövlüyü və milli suverenliyinə qarşı həyata keçirdiyi hərbi hücuma cavab olaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edib və Qətərdə yerləşən “Əl-Udeyd” hərbi bazasına raket zərbəsi endirib.
Bəqayi vurğulayıb ki, bu müdafiə tədbiri heç bir halda Qətərə qarşı yönəlmiş bir addım kimi qiymətləndirilməməlidir:
“İran Qətərlə dostluq və mehriban qonşuluq münasibətlərinə sadiqdir və bu münasibətləri yüksək dəyərləndirir”.
Nazirlik sözçüsü əlavə edib ki, İran Qətər və digər qonşu ölkələrlə daim mehriban qonşuluq prinsipinə sadiq qalıb.
O, həmçinin qeyd edib ki, İran ABŞ və sionist rejimin regionda həyata keçirdiyi təcavüzkar hərəkətlərin və bölücü siyasətlərin qarşısını almaqda qərarlıdır və bu cür niyyətlərin bölgə xalqları arasında ixtilaf yaratmasına imkan verməyəcək.
Əli Hüseynov