“Uzun müddət idi ki, bu yarışa hazırlaşırdım”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan yığmasın ağırlıqqaldıranı İsa Rüstəmov deyib.
Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında 67 kq çəki dərəcəsində 3 medal qazanan idmançı çıxışını dəyərləndirib: “Əziyyətimiz yerdə qalmadı. Vətənə qələbə sevinci ilə qayıdırıq. Bu da mənim üçün qürurvericidir. Yarış çətin keçdi. Güclü rəqiblər vardı. Federasiya rəhbərliyi və məşqçilərin sayəsində yarışa hazırlaşmışdıq. Bu səbəbdən də özümdən medal gözləyirdim. Növbəti yarışlarda daha yüksək nailiyyətlər qazanacağımıza inanırıq. Bu, təkcə mənim deyil, hər birimizin qələbəsidir”.
Qeyd edək ki, atletimiz birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürüncə sahib olub. İsa təkanla qaldırmada isə 170 kq ağırlığın öhdəsindən gələrək, fəxri kürsünün ilk pilləsində yer alıb. Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.