Türkiyənin Osmanlı İmperiyasının təsirini bərpa etmək istəyi İsraillə qarşıdurmaya gətirib çıxaracaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bu iddia İsrailin Nagel Komitəsinin hesabatında yer alıb.
Son nəticə olaraq, bu qarşıdurma hərbi münaqişəyə çevrilə bilər. Hesabatda qeyd olunub ki, Türkiyənin dəstəklədiyi Suriya qüvvələri bölgədə sabitliyi pozacaq.
Bəs hansı halda Türkiyə və İsrail arasında müharibə baş verə bilər?
Mövzu ilə politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Türkiyə Osmanlı İmperiyasının tarixi ərazilərini bərpa etmək deyil, əksinə bölgədə sabitliyi təmin etmək və öz milli maraqlarını qorumaq məqsədini ön planda tutur.
Onun sözlərinə görə, xüsusilə Suriya münaqişəsi kontekstində Türkiyə sərhədlərini terror təhlükəsindən qorumaq və bölgədəki humanitar böhranı azaltmaq üçün aktiv şəkildə iştirak edir:
"Türkiyənin Suriyadakı fəaliyyəti beynəlxalq hüquq çərçivəsində təhlükəsizlik və stabilliyi təmin etməyə yönəlib. Türkiyədən fərqli olaraq, məhz İsrailinin özünün Suriyadaki işğalçı fəaliyyəti BMT tərəfindən dəfələrlə qınanılıb. İsrailin Fələstin ərazilərində apardığı qeyri-qanuni fəaliyyəti həm beynəlxalq hüququn pozulması, həm də regional sülh üçün bir təhlükədir”.
K.Məmmədli hesab edir ki, bu yanaşmalar, təkcə Fələstinlə olan münasibətləri pisləşdirməkdə qalmır, eyni zamanda bölgədəki digər müsəlman dövlətləri ilə münasibətləri də zədələmə potensialını artırır. Dediyinə görə, Türkiyənin Osmanlı İmperiyasının təsirini bərpa etməsi deyil, məhz İsrailin "ərz məvud" ideyaları - yəni tarixi sərhədləri genişləndirmək və bölgədə hegemonik rolunu artırmaq arzusu regional stabillik üçün ciddi bir təhlükə doğurur.
Kamran Məmmədli: Özünü ərköyün uşaq kimi aparan İsrailə yerini göstərmək lazımdır ki...
Politoloq qeyd edib ki, İsrail-Türkiyə arasında hərbi əməliyyatların baş verməsi birbaşa İsrailin yürütdüyü siyasətdən asılıdır.
Həmsöhbətimizə görə, əgər İsrail beynəlxalq hüququ pozmağa davam edəcəksə və Türkiyənin regional sabitliyini təhlükə altına atacaqsa, bu, Türkiyə də daxil olmaqla, regional güclərlə gərginliyin artmasına səbəb olacaq və hərbi münaqişəyə də çevrilə bilər.
“Bu məsələdə beynəlxalq ictimaiyyət səssiz qalmamalıdır. Onlar İsrailin bölgədəki hüquqa zidd hərəkətlərini dəyandırmalı və İsraili diplomatik yollarla masaya otuzdurmalıdırlar. Özünü ərköyün uşaq kimi aparan İsrailə yerini göstərmək lazımdır ki, bölgədə geniş müharibə alovları yaranmasın. Əks halda İsrailin Türkiyə kimi ölkə ilə münaqişədə heç bir şansı yoxdur", - deyə Kamran Məmmədli vurğulayıb.
Gülşən Şərif