Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və “Makro 2000” Qrupu tərəfindən “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.
Qonaqları salamlayan GTİD sədri, layihə rəhbəri Toğrul Allahverdili Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq bağlardan söz açıb.
Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsini bildirən sədr qeyd edib ki, rəsmi Bakı tədbiri ən yüksək səviyyədə həyata keçirir.
T. Allahverdili tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da səylə çalışdığını bildirərək gənclərin daha da fəallıq göstərməsinin önəminə diqqət çəkib. Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı əlaqələrdə şəbəkələşmə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edərək gəncləri bu imkanlardan maksimum yararlanmağa çağırıb.
Qeyd edək ki, layihə rəhbərinin çıxışından sonra protokol çıxışlarına yer verilib.
Forumda çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi.
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi yanıltmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi. Türk gəncliyinin birliyi və qardaşlığı zamanın tələbidir. Çünki hər iki gənclik bütün sahələrdə bir-birinə qırılmaz tellərlə bağlanıblar. Dil, din və köklərinin eyni olması türk gəncliyinin bir-birinə təbii bağlılığının göstəricisidir”, – deyə millət vəkili söyləyib.
Bundan əlavə, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Günel Ələsgərli, Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı İstanbul Ofisi koordinatoru Fatih Hacıbektaşoğlu, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, İSTAD başqanı Səfər Karakoyunlu, Motiv Şəxsi İnkişaf mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Türkiyənin arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.
Daha sonra COP29-un açılış mərasimindən bəhs edən qısa film nümayiş olunub.
Forum çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin doktorantı, YTB bursiyeri, aktivist Rəşid Mustafazadənin moderatorluğu ilə Türkiyə-Azərbaycan Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Paneli təşkil olunub. Paneldə məşhur bloqer, yazar Aysu Mola, məşhur teleaparıcı, yazar Yeşim Eryılmaz, Azərbaycan tarixi üzrə ekspert Anar Can Kıtay,kibertəhlükəsizlik və süni intellekt mütəxəssisi Yasin Uğur ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi və gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.
Forumun bədii hissəsində Azərbaycanı dünya səhnələrində təmsil edən ən gənc qadın orkestr şefi, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə ithaf etdiyi “Türkiyə 100” əsəri ilə könüllərdə taxt quran Turan Manafzadə və gənclər milli musiqilərimizi səsləndiriblər.
Forumun sonunda iştirakçılara təşəkkür plaketləri təqdim olunub, xatirə şəkli çəkilib.
https://www.youtube.com/watch?v=4xD31pF1Fdw