• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Kibercinayətkarlıqla mübarizədə yeniliklər edilməlidir - Hüquqşünas DANIŞDI

CƏMİYYƏT

18 Sentyabr 2024 | 14:40

Kibercinayətkarlıqla mübarizədə yeniliklər edilməlidir - Hüquqşünas DANIŞDI

Kiberhüquq və kibercinayətkarlıq müasir dövrdə cəmiyyətin təhlükəsizliyini və hüquqlarını qorumaq baxımından əsas məsələlərdən biridir. Azərbaycanda bu sahədəki vəziyyətin təhlili göstərir ki, kibercinayətkarlığın artması və texnologiyanın sürətlə inkişaf etməsi, hüquqi sistemin yeni yanaşmalar qəbul etməsini zəruri edir.

Bəs kibercinayətkarlıqla mübarizəylə bağlı hansı yeniliklər tətbiq edilə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, kibercinayətkarlığa qarşı mübarizəni gücləndirmək məqsədilə hüquqi çərçivənin genişləndirilməsi vacibdir:

“Hazırda mövcud qanunvericilik, xüsusilə də informasiya texnologiyaları üzrə qanunlar, bəzən texnologiyanın inkişafını izləyə bilmir. Beləliklə, müvafiq qanunların yenilənməsi, kiber cinayətlərin tərifi, kibertəhlükəsizlik standartlarının müəyyən edilməsi və cəzaların sərtləşdirilməsi zəruridir. Bu, hüquq-mühafizə orqanlarının və məhkəmələrin kibercinayətlərin araşdırılması və mühakimə edilməsi üçün daha səmərəli şəkildə fəaliyyət göstərməsinə imkan tanıyacaq”.

Hüquqşünas təklif edib ki, hüquq sisteminə uyğun olaraq yeni kiber təhlükəsizlik strategiyasının hazırlana bilər:

“Yeniliklər kibercinayətkarlığa qarşı mübarizədə sistematik yanaşma təmin edəcək. Bu strategiya, dövlət qurumları arasında əməkdaşlığın artırılması, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması, kibertəhlükələrin aşkar edilməsi və qarşısının alınması üçün resursların bölüşdürülməsi kimi aspektləri əhatə etməlidir. Eyni zamanda, bu strategiya vətəndaşların kiber təhlükəsizlik sahəsində məlumatlandırılmasını da özündə birləşdirməlidir”.

Rüstəm Əzimzadə: Kibercinayətkarlıq qlobal problem olduğundan beynəlxalq əməkdaşlığın genişləndirilməsi zəruridir

Müsahibimizin sözlərinə görə, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması və elmi araşdırmaların aparılması məqsədilə müvafiq institutların yaradılması vacibdir:

“Bu institutlar kibercinayətkarlığa qarşı mübarizə aparan şəxslərin peşəkar bacarıqlarını artırmaq, yeni texnologiyaların tətbiqini öyrətmək və elmi tədqiqatlar aparmaq üçün platforma təqdim edə bilər. Eyni zamanda, universitetlərdə kibertəhlükəsizlik üzrə proqramların artırılması gənc mütəxəssislərin yetişməsinə şərait yaradacaq”.

Rüstəm Əzimzadə qeyd edib ki, kibercinayətkarlıq qlobal bir problem olduğu üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi zəruridir. Onun sözlərinə görə, Azərbaycanda kiber hüquqların qorunması və kiber cinayətkarlıqla mübarizə məqsədilə beynəlxalq təşkilatlarla, o cümlədən Europol və Interpol ilə əməkdaşlığın artırılması vacibdir. Bu, təcrübə mübadiləsi, kiber cinayətlərin araşdırılması üzrə əməkdaşlıq və müvafiq qanunvericilikdə uyğunluq yaratmaq baxımından faydalı olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR