• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Deputatdan İSLAHAT ÇAĞIRIŞI: Köklü dəyişiklik olmasa...

MÜSAHİBƏ

28 Aprel 2022 | 12:23

Deputatdan İSLAHAT ÇAĞIRIŞI: Köklü dəyişiklik olmasa...

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov Bakıvaxtı.az-a müsahibə verib.

- Milli Məclisin ötən plenar iclasında üzvü olduğunuz komitə Böyük Şəhər Bələdiyyəsinin yaradılması barədə parlamentə təklif irəli sürdü. BŞB-nin yaradılması hansı effekti verə bilər?

- Ümumiyyətlə, bu cür praktika bi sıra xarici dövlətlərdə də mövcuddur. Lakin bizim ölkədə nəinki Böyük Şəhər, ümumiyyətlə, Böyük Bələdiyyələrin formalaşdırılması yolu ilə gedilməlidir. Bu gün bələdiyyələrin sayı onların güclü qurumlara çevrilməsinə imkan vermir. Çünki indi onların bazaları zəif və vergi yığımı da yüksək səviyyədə deyil. Bələdiyyələrin çox olması, onların vahid bir mövqedən çıxış etməsinə çətinlik yaradır. İndi onların təkcə böyüdülməyi ilə iş bitmir. Biz lap 15-20 bələdiyyəni də birləşdirsək, onların işinə yenidən baxılmasa, qanunla nəzərdə tutulmuş səlahiyyətləri, vəzifələri təyin olunmasa, onun heç bir effekti olmayacaq.

Təbii ki, ilk olaraq, qanunvericiliklə bələdiyyələrin vəzifələri tənzimlənməlidir. Çünki onların səlahiyyətlərinin icrası zamanı müəyyən problemlər ortaya çıxır və bunların həlli lazımdır ki, onlar oturuşmuş quruma çevrilsin. Çünki bildiyiniz kimi, bələdiyyələr dövlət qurumu hesab edilmir, yerli özünüidarəetmə forması kimi fəaliyyət göstərirlər. Biz bu gün hər hansı güclü bələdiyyədən danışa bilmərik. Çünki biz görürük ki, bələdiyyələrin əksəriyyəti xırda kənd bələdiyyələridir.

Hazırda 1600 adda bələdiyyə fəaliyyət göstərir. Onun 87%-i, təxminən 1400-ə yaxını xırda kənd bələdiyyələridir. Onların da heç bir bazası yoxdur, vergi toplaya bilmirlər. Bir sıra bələdiyyələr də var ki, yalnız dövlətdən ayrılmış dotasiya hesabına fəaliyyət göstərirlər. Çünki bələdiyyə ilk növbədə vətəndaşlarla işləməlidir, öz ərazisində vergiləri toplamalıdır. Bir çox bələdiyyələr bu sahədə zəifdidilər, amma ümumilikdə statistik məlumatlara görə, ötən ilin göstəriciləri kifayət qədər yaxşı olub. Lakin bunların da əksəriyyəti şəhər və qəsəbə bələdiyyələrinə aiddir.

Mən düşünürəm ki, bələdiyyə sisteminin inkişafında qanunvericilik tədbirləri ilə yanaşı, vətəndaşların da boynuna yük düşür. Çünki bələdiyyələri seçicilər formalaşdırır. Vətəndaşlar ödədikləri vergilərin hara sərf olunduğunu öyrənə, bələdiyyələrin iqtisadi fəaliyyəti ilə bağlı məlumatları onlardan tələb edə bilərlər. Burda cəmiyyətin də şüuru müəyyən mənada dəyişməlidir. Bələdiyyələrə bu cür seçici nəzarəti gücləndirilməlidir. Çünki indi bələdiyyə mərkəzdə deyil, yaşadıqları ərazilərdə fəaliyyət göstərir.

- Kamran müəllim, Böyük Şəhər Bələddiyələri yaransa, İcra hakimiyyətləri ləğv oluna bilərmi?

- Bilirsiniz, bizim qanunvericilikdə elə nəzərdə tutulub ki, bələdiyyənin və icra hakimiyyətlərinin öz səlahiyyətləri, əhatə dairələri var. Biz əgər istər bələdiyyə, istərsə də icra hakimiyyətinin ləğvindən danışırıqsa, unutmamalıyıq ki, hər iki qurumun statusu Konstitusiya ilə tənzimlənir.  Bu qurumların statusunda hər hansı dəyişikliklər olarsa, bu, mütləq Konstitusiya ilə olmalıdır, referendum keçirilməlidir. Bu da birbaşa cənab Prezident İlham Əliyevin səlahiyyətlərinə aiddir.

Mən inkar etmirəm, müəyyən sahələrdə bələdiyyə və icra hakimiyyətlərinin səlahiyyətləri üst-üstə düşür, maraqları toqquşur. Bu da təbiidir, sadəcə olaraq, onların tənzimlənməsi yolları axtarılmaldır. Əslində 1999-cu ildən bu günə kimi bələdiyyələr fəaliyyət göstərir. İndiki vaxta qədər bələdiyyələr və icra hakimiyyətləri çiyin-çiyinə işləyiblər. Bəli, müəyyən müsbət və mənfi məqamlar var. Yenə də biz Böyük Şəhər Bələdiyyələri yerli icra hakimiyyətlərini əvəz edə bilərmi? Bu, bir az həqiqətəuyğun deyil. Çünki yerli icra hakimiyyətləri hakimiyyəti, bələdiyyələr isə xalq idarəetməsini təmsil edir. Yəni, bunlar fərqli-fərqli sistemlərdir.

- Bəs bu, xarici təcrübədə necədir? Yəni, Böyük Şəhər Bələdiyyələri ilə yanaşı, icra hakimiyyətləri də fəaliyyət göstərirmi?

- Bəli, elə ölkələr var ki, orda həm icra hakimiyyəti, həm də bələdiyyələr fəaliyyət göstərir. Uzağa niyə gedək ki, elə qonşu Türkiyəni götürək. Türkiyədə oturuşmuş bələdiyyə sistemi mövcuddur və səlahiyyətləri kifayət qədər genişdir. Lakin buna baxmayaraq, icra hakimiyyətinin də nümayəndələri fəaliyyət göstərir. Türkiyədə buna “vali” deyirlər. Müəyyən mənada onların qarşılıqlı əlaqəsi mövcuddur. Bu, digər ölkələrdə də belədir. Sadəcə olaraq, müxtəlif ölkələrdə səlahiyyət fərqi məsələsi var. Hansısa ölkədə bələdiyyələrin, hansındasa icra hakimiyyətlərinin səlahiyyətləri daha genişdir. Lakin biz xarici təcrübəyə diqqətimizi yönəltməklə yanaşı, ölkəmizin xüsusiyyətlərini də nəzərə almalıyıq.

- Böyük Şəhər Bələdiyyələri yaradılarkən hansı mexanizmlər əsas götürüləcək və onların maliyyələşməsi necə həyata keçiriləcək?

- Qeyd etdiyim kimi, Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə iş düzəlmir. Bunu lap günü sabah da yarada bilərik. Nə dəyişəcək? Əgər eyni səlahiyyətlər qalırsa, eyni problemlər mövcu olacaqsa, böyük və ya balaca bələdiyyələrin fərqi, faydası olmayacaq. Ümumilikdə, bələdiyyə sistemində köklü, fundamental islahatlar lazımdır. Ən azından bələdiyyələrin insanlar arasında nüfuzu qalxmalıdır, məsuliyəti artırılmalıdır. Böyük Şəhər Bələdiyyəsini formalaşdırmaq o qədər də çətin iş deyil, bu barədə qanun var. Bu qanuna uyğun olaraq, müəyyən prosedurları həyata keçirdikdən sonra, Böyük Şəhər Bələdiyyəsini yaratmağa nə var ki?! Bu, müəyyən dərəcədə vaxt və resurslar tələb edir, amma yenə də etmək olar. Yenə deyirəm, bunu etməklə, biz nə əldə edəcəyik? Əgər onların əsasında fəaliyyət göstərdiyi qanunlar, qaydalar dəyişməsə, bələdiyyənin miqyasından asılı olmayaraq, o, işləməyəcək. Bələdiyyələrin inkişafı üçün onların statusu dəqiqləşdirilməli və səlahiyyətlərinə yenidən baxılmalıdır.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

19 Aprel 2024