Xəbər verildiyi kimi, kovid keçirən insanlarda beynin koqnitiv funksiyaları və tezliyi pisləşib.
Bakıvaxtı.az xəbər verir ki, Kanada Universitetinin neyrobioloqları kovid keçirənlərdə qısa və uzunmüddətli beyin pozulmalarını araşdırıb. Onlar 478 böyük yaşlı insanın sağaldıqdan 3 ay sonra nevroloji simptomlarını qeyd ediblər. Onlar veb platdormada hər ay özlərində baş verən dəyişiklikləri qeyd ediblər. Xəstələr arasında kovidi yüngül və ağır keçirənlər var idi. Məlum olub ki, infeksiyanın ağırlığından asılı olaraq, koqnitiv pozulmaların dərəcəsi dəyişir. Pasiyentlərin alınan informasiyanı mənimsəmə sürəti, verbal intelekti, düşünmə, yaddaş və əhval-ruhiyyəsi pisləşib. Beynin zərər görməsi hətta kovidi çox yüngül keçirənlərdə də müşahidə olunub.
Professor Adriana Ouenin sözlərinə görə, koqnitiv pozulmalar sağlam insanlarda yuxu probleminə də gətirib.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bu mövzu tamamilə realdır: “Virus orqnizmdə yeni olduğu üçün ona qarşı kifayət qədər mübarizə apara bilmirdi. Digər tərəfdən, COVID-19 virusunun sinir sistemini zədələmə kimi bir xüsusiyyəti də var”.
Onun sözlərinə görə, ilk vaxtlar insanların əksər hissəsində əsas simptomlardan biri olan iy bilmə və dad bilmənin itməsi, əslində, sinir sisteminin zədələnməsi ilə bağlı məsələ idi: “Bu fakt onu göstərir ki, virusun həqiqətən də sinir sistemini zədələmə ehtimalı var. Mümkündür ki, daha ağır keçirənlərin sinir sistemində müəyyən dəyişiklər baş versin”.
Koronavirusu yüngül keçirənlərdə hər hansı nevroloji fəsadların olmasına gəlincə, infeksionist bildirb ki, onlarda müəyyən müddət ərzində belə bir hal ola bilər. Dediyinə görə, amma yüngül keçirənlərdə o qədər də əhəmiyyətli dəyişiklərə səbəb olmur.
“Təbii ki, müəyyən yaddaş, yuxu problemləri ola bilirdi, amma o da bir müddət sonra bərpa olunur”, - deyə Mərdan Əliyev qeyd edib.
Aytac Aslan
















