"Lənkəran" futzal komandasının Yüksək Liqanın XIII turunda "Araz-Naxçıvan"la matça çıxmamasının səbəbi oyunçuların fərqli işdə çalışması səbəbindən oyuna yetişə bilməməsi olub.
Bunu Bakıvaxtı.az-a açıqlamasında komandanın məşqçisi Rövşən Novruzlu deyib.
"Oyuna çıxmamağımızın səbəbi heyət üzvlərinin işdə olmaları və çatdırıb gələ bilməmələridir. Qış fasiləsində maliyyə çətinliyi ilə əlaqədar bir neçə əsas oyunçumuzu itirdik. Əvəzində isə məcburən bir neçə nəfər götürdük. Heyətdə yer alanlar fərqli sahələrdə işləyən insanlardır. Oyunların başlama vaxtı bu tur ciddi problem yaratdı və heyət yığışa bilmədi. Bu, bizdə qeydə alınan ilk belə haldır. Bir gün əvvəldən heyətin natamam olması və oyuna gələ bilməyəcəyimizlə bağlı federasiyaya məlumat vermişdik", - mütəxəssis vurğulayıb..
O, komandanın debüt mövsümündə üzləşdiyi maliyyə böhranı və oyun saatları ilə bağlı çətinliklərdən danışıb:
"Debütant olmağımıza baxmayaraq, turnirə kifayət qədər uğurlu start vermişdik, oyunçularda artım var idi. İlk turlarda çempionatın favoritlərindən olan "Neftçi" İK və "Baku Fire" komandalarına qarşı əzmkar mübarizə aparıb, müsbət rəy aldıq. Lakin sonradan maliyyə problemi yaranmağa başladı. Qış fasiləsindən sonra maliyyəsiz davam etmək qərarı aldıq. Əsas çətinlik oyun saatlarıdır. Fasilədən sonra "Neftçi" İK ilə oyuna tam heytlə çıxa bilmədik və əsas oyunçularımızdan bəziləri həmin saatdakı görüşə gecikmə ilə çatdılar. Tək gəlir yerləri olan işlərindən icazə ala bilməyən oyunçularımız üçün matçların gec saatlara təyin olunmasını xahiş etmişdik. Ötən tur, "Baku Fire" ilə matçda bu nəzərə alınsa da, "Araz-Naxçıvan"la oyunda təyin olunmuş saat yenidən maneə yaratdı. Əsas oyunçularımızdan biri cəzalıdır. Digərləri isə iş saatı ilə əlaqədər oyuna gələ bilmədilər".
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının XIII turunda "Araz-Naxçıvan"la qarşılaşmalı olan "Lənkəran" komandası oyuna gəlməyib.
Bakı 




