Yer kürəsində G2 və G3 sinifli maqnit fırtınaları başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu öz teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, yaxın vaxtlarda yer kürəsinin maqnit sahəsindəki həyəcanların intensivliyinin artacağı ehtimal olunur.
Bəs, maqnit qasırğası insanlara necə təsir edəcək?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifovanın sözlərinə görə, insanlar arasında elə qruplar var ki, onlar ətraf mühitdə baş verən dəyişikliklərə daha həssas reaksiya göstərirlər.
Müsahibimiz ən çox təsirlənənlərin xroniki xəstəliklərdən əziyyət çəkənlər olduğunu deyir. Həkim bildirib ki, buraya xüsusilə yüksək təzyiq, astma, şəkərli diabet və ümumilikdə uzunmüddətli, davamlı müalicə tələb edən xəstəlikləri olan insanlar daxildir.
G.Lətifova əlavə edib ki, belə şəxslərdə baş ağrısı, ürəkbulanma, yorğunluq, hətta mövcud xəstəliyin kəskinləşməsi kimi hallar tez-tez müşahidə olunur:
“Təəssüf ki, son zamanlarda bu əlamətlər daha çox qeydə alınır. Bu vəziyyət o yerə gətirib çıxarır ki, insanlar hər hansı ciddi fiziki gərginlik keçirmədən, hətta səhər oyananda belə özlərini pis hiss edirlər”.
Günay Lətifova, terapevt
Terapevtin dediyinə görə, təhlükə daha çox yaşlı insanları, xüsusən 65 yaşdan yuxarı şəxsləri və xroniki xəstəlikləri olanları gözləyir. Belə ki, onların vəziyyəti daha tez ağırlaşa bilir. Lətifova onu da bildirib ki, digər insanlarda da baş ağrısı, ürəkbulanma və ümumi halsızlıq kimi əlamətlər ortaya çıxa bilər:
“Profilaktik baxımdan isə vacibdir ki, xroniki xəstəliyi olan insanlar həkimlərinin təyin etdiyi müalicə planına ciddi riayət etsinlər və özbaşına müdaxilə etməsinlər. Onlara daha çox təmiz havada gəzmək, bol su içmək, sağlam qidalanmaya üstünlük vermək və kəskin hallarda dərhal həkimə müraciət etmək tövsiyə olunur.
Ümid edirik ki, bu çətin dövrü sağlamlıq baxımından daha yüngül şəkildə geridə qoymaq mümkün olacaq”.
Mina Mikayılova