Məşhur britaniyalı televiziya aparıcısı və “Top Gear” verilişinin keçmiş ulduzu Cermini Klarksonda xərçəng xəstəliyi aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı özü bu barədə “Clarkson’s Farm” (“Klarksonun ferması”) verilişinin bir epizodunda məlumat verib. O, diaqnozu proqramın daimi iştirakçıları Kaleb Kuper və Çarli Ayrlanda açıqlayıb.
66 yaşlı aparıcı bildirib ki, ona xərçəngin “aqressiv” forması diaqnozu qoyulub. Lakin xəstəliyin konkret növü açıqlanmayıb. Klarkson müalicə çərçivəsində prostat vəzisinin bir hissəsinin çıxarıldığını qeyd edib.
Onun sözlərinə görə, xəstəlik erkən mərhələdə aşkar edilib və hazırda vəziyyəti nəzarət altındadır:
“Vəd edirəm, hər şey qaydasında olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Cermini Klarkson 2002–2015-ci illərdə “Top Gear” verilişinin əsas aparıcılarından biri olub. O, Rişard Hammond və Ceyms Mey ilə birlikdə proqramı təqdim edirdi. Prodüserlə yaranan qalmaqaldan sonra Klarkson layihədən uzaqlaşdırılıb, daha sonra həmkarları da verilişi tərk edib.
2021-ci ildən isə “Clarkson’s Farm” Amazon Prime Video platformasında yayımlanır. Verilişdə Klarkson 2008-ci ildə aldığı Oksfordşirdəki fermadakı həyatını izləyicilərlə bölüşür. /modern.az
Bakı 



