Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Pakistan İslam Respublikasından olan bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Pakistanın İdman Yazarları Federasiyası ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan qonaqları salamlayan MŞ sədri Rəşad Məcid onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sədr bildirib ki, Azərbaycanda medianın vahid özünütənzimləmə qurumu olan Mətbuat Şurasının başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Qurumun beynəlxalq əlaqələrindən söz açan MŞ sədri bu təmasların əsasən xarici media oraqanlarının qabaqcıl təcrübəsinin mənimsənilməsinə, o cümlədən, söz və ifadə azadlığı ilə bağlı tendensiyaların öyrənilməsinə yönəldiyini deyib.
MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət və Hacıbəy Heydərli qonaqları beynəlxalq əlaqələrdəki spesifik məqamlar, habelə ölkəmizdə sosial medianın durumu, Şuranın mövcud istiqamətdəki fəaliyyətinə dair xüsusiyyətlər barədə məlumatlandırıblar. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov şikayətlərin araşdırılması prosedurundan söz açıb. Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı yaşlı jurnalist nəslin təcrübəsinin gənc media mənsublarına çatdırılmasındakı spesifik fəaliyyət tərəflərinə diqqət çəkib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən söz açıb, onların zəngin səfər proqramının müxtəlif detallarını açıqlayıb. O, eyni zamanda rəhbərlik etdiyi qurumun idman sahəsindəki beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında da məlumat verib.
Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə Pakistanın idman jurnalistlərinin Azərbaycan mediası ilə bağlı çoxsaylı sualları cavablandırılıb.