• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Metroda “kart məhdudlaşdırılıb” xətası: Bu halla üzləşənlər NƏ ETMƏLİDİR?

CƏMİYYƏT

20 Iyul 2026 | 12:22

Metroda “kart məhdudlaşdırılıb” xətası: Bu halla üzləşənlər NƏ ETMƏLİDİR?

Son günlər Bakı metrosunda bank kartı ilə ödəniş zamanı bəzi sərnişinlər “kart məhdudlaşdırılıb” bildirişi ilə qarşılaşaraq turniketlərdən keçməkdə çətinlik yaşayıblar. Bu problem sosial şəbəkələrdə də geniş müzakirə olunub və sərnişinlər arasında narahatlıq yaradıb.

Bildirilir ki, bəzi istifadəçilərdə problem aradan qalxsa da, digərlərinin kartlarında məhdudlaşdırılma hələ də qalmaqdadır. Problemin səbəbi, tam həll olunub-olunmaması və belə hallarda sərnişinlərin banka müraciət edib-etməməli olduğu isə maraq doğuran məsələlərdəndir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında “K Group” MMC (BakıKart) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, bank kartları ilə ödəniş zamanı kartın məhdudlaşdırılması validator və ya BakıKart sistemi tərəfindən müstəqil şəkildə həyata keçirilmir:

“Kartın aid olduğu bank tərəfindən təhlükəsizlik və risk idarəetmə mexanizmləri çərçivəsində müəyyən kodlar üzrə BakıKart sisteminə sorğu göndərilir. Həmin sorğu əsasında karta müvəqqəti məhdudiyyət tətbiq olunur”.

Müsahibimiz qeyd edib ki, bu cür halların yaranmasına bankların risk idarəetmə sistemlərində gündəlik çoxsaylı uğursuz ödəniş cəhdləri, o cümlədən balansı kifayət etməyən kartlar üzrə əməliyyatlar da səbəb ola bilir.

Onun sözlərinə görə, təhlükəsizlik baxımından banklar müəyyən hallarda eyni kartla ardıcıl ödənişlərə məhdudiyyət tətbiq edirlər:

“Bu səbəbdən sərnişinlər belə hallarla qarşılaşdıqda ilk növbədə kartın aid olduğu banka müraciət etməlidirlər. Bank tərəfindən müvafiq məlumat BakıKart sisteminə daxil olduqdan sonra məhdudiyyət aradan qaldırılır”.

Aynur Kərimli sonda əlavə edib ki, hazırda  bu kimi halların minimuma endirilməsi, sərnişinlərin daha rahat və fasiləsiz ödəniş imkanlarının təmin olunması məqsədilə banklarla inteqrasiya həllərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026