Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Belarus yığması ilə oynanılacaq matçdan öncə mətbuat konfransı keçirib.
Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
“Elvin Cəfərquliyevdən başqa, bütün oyunçular şans qazanacaq. Səbuhi Abdullazadə də onlardan biridir və oynamaq ehtimalı var. Əlbəttə, dəyişikliklər olacaq. Bəzi oyunçular dincələk, bəziləri oynayacaq. Ardıcıl iki oyun keçirmək çətindir. Ramazan ayı olduğuna görə, bəzi oyunçular oruc tuturlar və biz də onlara hörmətlə yanaşırıq. Bütün bunları nəzərə alaraq dəyişikliklər edəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Çünkü çox sadə qollar buraxırıq. Çox vacibdir ki, sabahkı oyunda qol da vuraq. Çalışacağıq ki, topa nəzarət edən tərəf biz olaq. Nəzər yetirsək, hər oyunda şanslarımız olur, yararlana, sonlandıra bilmirik. Futbolda belə hallar olur, nə qədər epizodlar yaratsan da yararlana bilmirsən. Ancaq sonrakı matçlarda bunun bəhrəsini görürsən. Bu, elə bir idman növüdür ki, kollektiv şəkildə çıxış etmək lazımdır. Belə olan halda nəticələr də gələcək. Yenə deyirəm, sabahkı oyunda müdafiədə etibarlı çıxış edib, hücumdakı şanslarımızdan yararlanmağa çalışacağıq. Ümid edirəm ki, qələbə gələcək və inanıram ki, bu, sabahkı oyunda baş verər. Özümüz də axtarmalıyıq ki, nələrdə səhv edirik. Bu səhvləri tapıb aradan qaldırmalıyıq.
Oyunçular hər zaman qələbə qazanmaq üçün istəkli olmalıdır. Futbolçularda belə bir xüsusiyyət var ki, sanki qol buraxdıqdan sonra ruhdan düşürlər. Bu da mentallıqla bağlı bir şeydir.
Sizin etdiyiniz təhlillər individual təhlildir. Mən yenə deyirəm, məşqdən əvvəl kimin oynayıb, kimin oynamayacağını burada açıqlamayacam. Siz ümumi təhlil edirsiz ki, kim yaxşı oynayır, kim oynamır. Yenə deyirəm, bu, kollektiv oyundur.
Seçmə mərhələ haqda şərh verməyəcəm. Bunun üçün hələ uzun müddət var. Buna cavab verməyəcəm. Sabah Belarus yığması ilə oyunumuz var. Vacib olan budur.
Ümid edirəm ki, mentallıqla bağlı problem qısa bir zamanda aradan qalxacaq. Oyunçularımla hər dəfə bununla bağlı danışıram. Futbolçunun özündən çox şey asılıdır və dərk etməlidir ki, bu baryeri atlatsın. Bunun üçün hamımız birgə çalışmalıyıq. Jurnalistlər, azarkeşlər də futbolçuya dəstək olmalıdır. Bu dəstək olmayanda oyunçu da qorxaq çıxış edir. Səhv etmək insan üçündür. Hamımız səhv edirik. Kim var ki, səhv etmir? Belə olanda, tənqid etdiyiniz kimi, dəstək də olmalısız. Mən belə düşünürəm və belə edirəm.
Azərbaycan millisi hazırda kollektiv şəkildə çox zəifdir. Müdafiə baxımından çox zəifik. Və bu, təkcə müdafiə xəttində oynayan oyunçulara aid deyil. Kolektiv şəkildə çox bəsit qollar buraxırıq. Bura gəldiyim gündən eyni şeyləri təkrarlayırıq. Dünyanın hər bir komandası müdafiədə yaxşı oynamasa, sonluq belə olur. Elə oyun olub ki, bütün komanda ilə müdafiə olunmuşuq, ancaq rəqib təhlükəli hücumlar yaradır. Hücumda bəzi şeyləri yaxşı edə bilirik. İnanın ki, hücumda yaratdığmız epizodları qola çevirsək, indi daha yaxşı vəziyyətdə idik. Son oyunda 5-6 qol epizoduna girdik, amma sonluq çatmadı. Nə etməliyik? Yaratdığımız şansları qola çevirib, müdafiədə etibarlı çıxış etməliyik”.