Son zamanlar sosial şəbəkələrdə orta məktəblərdə şagirdlərin qeyri-etik davranışlarlna dair videolar yaylır. Dəhşətlisi odur ki, şagirdlər bu davranışları müəllimlərin gözü qabağında edir. Bir zamanlar müqəddəs sayılan müəllimlik peşəsi niyə be yerə gəlib çıxdı? Baş verənlərin günahkarı kimdir?
Qoşqar Məhərrəmov: “Bu problemi yüz faiz aradan qaldırmaq mümkün olmayacaq”

Qoşqar Məhərrəmov
Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, şagirdlərin qeyri-etik davranışları dünyanın bütün ölkələrində artan tendensiya üzrə davam edən bir problemdir: “Hər yerdə hər zaman bu cür problemlər ola bilir. Necə ki, yetkinlər arzulanmayan davranışlar göstərir, eləcə də şagirdlər. Yetkinlərdən fərqli olaraq şagirdlər bunu əyləncə olaraq edir və bunu videoya çəkib müxtəlif platformalarda paylaşırlar”.
Ekspert qeyd edib ki, bu davranışların altında bir çox səbəb yatır: “Ona görə də, burada müəllim, valideyn və şagirdin vəzifə öhdəlikləri onlara xatırladılmalıdır. Bunun üçün valideyn, müəllim və şagirdlər üçün məlumat kitabçaları hazırlanmalıdır. Bu məlumat kitabçalarında davranış qaydaları, vəzifələr, öhdəliklər, təhsilin sistemi və s. kimi məsələlərə yer verilməlidir. Eyni zamanda, şagird məktəbə gəldikdə valideyn tərəfindən bir sənəd imzalanmalıdır ki, bu kitabçadakı qaydalara etiraz etmir. Valideyn sənədi imzaladıqdan sonra şagird kitabçadakı qaydalara tərs düşən davranış sərgiləyərsə, nəticə olaraq nə baş verəcəyi də qeyd olunmalıdır. Düşünürəm ki, bunlar olarsa, nisbətən azalma olar”. Bununla belə, Q.Məhərrəmov hesab edir ki, bu problemi yüz faiz aradan qaldırmaq mümkün olmayacaq: “Problemi nisbətən aradan qaldırmaq üçün isə müəyyən qədər təlim-tərbiyə dərsində diqqətli ola bilərik. Müəllimin şagirdlərlə müəyyən tərbiyəvi məsələlər üzərində söhbət aparması üçün sinif saatları üçün bir dərslik hazılaya bilərik. Ancaq bu yol ilə, bəlkə müəyyən qədər bu məsələnin qarşısına keçmək olar”.
Onun sözlərinə görə, əvvəllər də bu hadisələr olub: “O dövrdə müəllimə ilahi qüvvə kimi baxılmağının səbəbi biliyin tək mənbəyinin müəllim olmağı idi. İdealist bir təhsil sistemi olduğu üçün valideynlər də müəllimin yanında idi. Yəni, müəllim tək həqiqət, məlumat mənbəyi idi. Onun dedikləri müzakirə oluna bilməzdi. Çünki sovet hökuməti də müəllim vasitəsilə öz ideyalarını aşılayırdı. O da müəllimə müqəddəslik verirdi. İndi isə elə deyil. Bunların hamısı dəyişdiyi üçün belə problemlər çıxır. Müəllim şagird ilə yaxın olmalıdır, amma, dost, yaşıd kimi davranmamalıdır. Problemin kökündə dəyərlərin deqradasiya olmağı, bu dəyərləri aşılamaq üçün ciddi sistemli bir cəhdin və mənfi davranışların qarşısını almaq üçün nizamnamənin olmamasıdır”.
Kamran Əsədov: “Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür”

Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a deyib ki, hazırda ölkənin 4432 orta məktəbində 1.6 milyon şagird təhsil alır: “Əlbəttə ki, bu mənzərə təhsil sisteminin nə qədər müxtəlif olduğunu göstərir. Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallar mütəmadi hal aldığından həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir”.
Sirr deyil ki, məktəblərin əksəriyyətində uşaqlar dərsdən yayınıb repetitor yanına gedirlər: “Məsələn, repetitor yanına getməyən digər uşaqlar məktəbdə, lap dərs vaxtında istədikləri hərəkəti edəcəklər. Kim onlara irad tuta bilər ki, dünən niyə dərsə gəlməmişdin, niyə dərsə gecikdin, niyə 3-cü dərsdən qaçdın və s. Məktəbdə nizam-intizamı pozan şagirdlərlə iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ gəlməsinin səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır” deyən ekspert bildirib ki, bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Onun sözlərinə görə, burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir.Uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla araılacaq tərbiyəvi iş sistemini düzgün müəyyənləşdirmək zəruridir.
K.Əsədovun dediyinə görə, təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədyönlü xarakter daşıyır: “Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır. Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər müasir psixologiyanin nailiyyətlərinin məktəb həyatına tətbiqi nəticələrinə istinadən etməlidirlər”.
Ekspert bildirib ki, şagirdlərin davranışında və şəxsiyyətinin inkişafında özünü gostərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldirmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür.
1.Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalısmaq.
2.Çətin şagirdin kollektivə alışmasına köməklik gostərmək,sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq.
3.Davranışda və şəxsiyyətin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək.Lazım gələrsə, psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə (məsələn,psixiatr, həkim və b.) əlaqə saxlamalıdır.
Ekspertin sözlərinə görə, əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləsdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər: “Savadsız, rüşvətxor, şəxsi marağını güdən, tələbəyə qarşı laqeyd olan müəllimlər şagird üçün heç vaxt sevilən müəllim ola bilməz və olmurlar da! Ancaq gərək şagirdlər də bir şeyi anlasınlar ki, rüşvətxorlara düşmən kimi baxan, savadlı, tələbkar müəllimlərin qayəsi təlbəsinə yalnız savad verməkdir. Müəllim peşəsi çox çətin və şərəfli peşədir. Unutmaq olmaz ki, yer üzünə gəlmiş bütün dahiləri, alimləri, sənətkarların hamısını müəllim yetişdirib. Sevimli xalq şairi Bəxtiyar Vahabzadə “Müəllim” şeirində məhz ona görə müəllimləri dünyada “ən varlı bağban” adlandırırdı. Ulu öndər Heydər Əliyev isə “Mən müəllimlikdən yüksək və şərəfli bir peşə tanımıram” deyirdi. Düşünürəm ki, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb. Valideynlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər. Artıq müəllimlər dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkirlər”.
Orxan Əlibəyov: “Sinif rəhbəri sinfindəki şagirdlərin problemləri ilə ayrılıqda maraqlanmayanda problem yaranır”

Orxan Əlibəyov
Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllimi Orxan Əlibəyov Bakıvaxtı.az-a qeyd edib ki, kurikulumun belə bir prinsipi var: şagirdyönümlülük. Yəni dərs prosesi şagirdlərin maraq və tələbatına uyğun şəkildə qurulmalıdır: “Müəllimlərimiz bu prinsipi əsas götürsələr, dərsdə avtoritar olmasalar, qarşılıqlı inam və əməkdaşlıq şəraitində dərs mühiti yaratsalar, düşünürəm ki, bir çox problemlərin öhdəsindən gələr, hətta çətin tərbiyə olunan, nizam-intizamsız şagirdi də o mühitdə idarə edə bilərlər”.
Müəllim vurğulayıb ki, kontingenti çox olan məktəblərin idarə edilməsində çətinliklər yaranır, ancaq ilk növbədə, sinif rəhbəri, məktəb psixoloqu müntəzəm olaraq risk qrupuna daxil olan şagirdlərlə fərdi söhbətlər aparmalı, onları diqqətdə saxlamalıdırlar: “Problem bilirsiniz nə vaxt böyüyür? Sinif rəhbəri sinfindəki şagirdlərin problemləri ilə ayrılıqda maraqlanmayanda, onlarla fərdi söhbət aparmayanda, onlara bir valideyn qayğısı ilə yanaşmayanda belə problem yaranır. Elina hadisəsi hamının yadındadır. Şagirdin problemi vaxtında üzə çıxarılsaydı və qabaqlayıcı tədbir görülsəydi, sonda o cür faciəvi vəziyyət yaranmazdı. Problem ailə tərbiyəsində ola bilər, bəs onda məktəbin funksiyası nədir?!”
Müəllim şagirdi ilə olan bir təcrübəsindən də danışıb: “Rəhbər olduğum sinifdə mənfi meylləri olan bir şagird var idi. Ancaq mən hiss edirdim ki, onun içində mütaliə həvəsi var, çünki bir-iki dəfə oxuduğu kitablardan danışmışdı mənə. Mən həmişə ona deyirdim ki, sənin mənfi meyllərini qəbul edə bilmirəm, çünki sənin dərin düşüncələrin var. Mən ona ədəbiyyat siyahısı verdim, dedim oxu, sonra gəl kitablar barədə sənlə danışaq. O, siyahı üzrə kitabları oxudu, sonra biz hər dərs fasiləsində onunla danışdıq. Beləcə şagirdi özümə tərəf çəkə bildim. Sonra özü etiraf elədi ki, o mənfi meyllər artıq onun beynindən silinib”.
Aytac Aslan
















