• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Müharibə kölgəsində seçki dilemması: Ukrayna hansı riski götürür?

CƏMİYYƏT

12 Fevral 2026 | 10:59

Müharibə kölgəsində seçki dilemması: Ukrayna hansı riski götürür?

Son günlər beynəlxalq mediada Ukraynada mümkün seçkilərlə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.

“Financial Times”in iddiasına görə, fevralın sonlarında Ukrayna rəhbərliyi seçkilərlə bağlı qərar elan edə bilər. Bu məsələ yalnız hüquqi və texniki prosedur deyil, eyni zamanda müharibə şəraitində demokratik legitimliyin necə qorunması sualını gündəmə gətirir.

Aktiv döyüşlərin getdiyi, milyonlarla insanın köçkün vəziyyətində olduğu bir ölkədə seçki qərarı həm daxili siyasi tarazlıqlara, həm də beynəlxalq mövqelərə birbaşa təsir göstərir.

Bakıvaxtı.az-ın bu kontekstdə mövzunu müzakirə etdiyi politoloq Züriyə Qarayeva bildirib ki, müharibə şəraitində seçkilərin keçirilməsi hüquqi baxımdan mümkündür, amma bu, hər zaman real olmur. Onun sözlərinə görə, əsas problem təhlükəsizlik və bərabər iştirak imkanlarının təmin edilməsidir. Ərazilərin bir hissəsi nəzarətdən kənardadırsa, seçki ümumxalq iradəsini tam əks etdirməyə bilər:

“Bundan başqa, fövqəladə vəziyyət rejimi bir çox ölkədə seçki prosesini avtomatik məhdudlaşdırır. Seçkilər yalnız formal prosedur deyil, legitimlik yaradan mexanizmdir. Bu legitimlik şübhə altına düşərsə, nəticə siyasi gərginliyi daha da artıra bilər”.

Müsahibimizin sözlərinə görə. tarix göstərir ki, müharibə zamanı seçkilər əsasən aşağı intensivlikli münaqişələrdə keçirilib. Dövlət institutları işlək vəziyyətdə qalanda bu mümkün olur. Bəzi hallarda hakimiyyət seçkiləri beynəlxalq ictimaiyyətə demokratiyanın davam etdiyini göstərmək üçün keçirib. Amma bu cür seçkilər çox vaxt mübahisəli nəticələr doğurub. Cəbhədə döyüşən vətəndaşların səsvermədə iştirakı ayrıca problem yaradır. Ona görə də bu təcrübə uğurlu model kimi deyil, istisna hal kimi qiymətləndirilir.

Züriyə Qarayeva: Regionda müharibənin gedişinə təsir edəcək real nəticə seçkinin necə keçirilməsindən asılıdır

Zelenskinin mümkün seçki qərarının hansı siyasi məqsədlərə xidmət edə biləcəyinə gəlincə, politoloq hesab edir ki, bu qərar ilk növbədə daxili legitimliyin yenilənməsi cəhdi kimi oxuna bilər. Dediyinə görə, uzunmüddətli müharibə cəmiyyətin siyasi gözləntilərini dəyişir. Seçki qərarı Qərb tərəfdaşlarına demokratik öhdəliklərin qorunduğu mesajını vermək məqsədi də daşıya bilər:

“Eyni zamanda bu addım daxildə müxalif tənqidləri neytrallaşdırmaq üçün düşünülə bilər. Amma risk ondadır ki, seçki nəticələri mübahisəli olarsa, bu legitimlik əksinə zəifləyə bilər. Bu baxımdan qərar çox incə siyasi balans tələb edir”.

Həmsöhbətimizə görə, beynəlxalq mühitdə bu qərar müxtəlif cür qarşılanacaq. Qərb ölkələri prinsip etibarilə seçkiləri müsbət dəyərləndirsə də, təhlükəsizlik risklərini də nəzərə alacaq. Rusiya isə bu prosesi legitimliyi şübhə altına almaq üçün istifadə edə bilər. Regionda müharibənin gedişinə təsir edəcək real nəticə isə seçkinin necə keçirilməsindən asılıdır.

“Əgər seçki parçalanma yaradarsa, bu Ukraynanın mövqelərini zəiflədə bilər. Əks halda isə, yaxşı təşkil olunmuş proses siyasi dayanıqlılığı gücləndirə bilər”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

11 Fevral 2026