• Bakı 20° C

    10.19 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Musiqi və incəsənət məktəblərində təlimlərin üçüncü mərhələsi başlayıb

CƏMİYYƏT

12 Sentyabr 2025 | 15:30

Musiqi və incəsənət məktəblərində təlimlərin üçüncü mərhələsi başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinə uyğun olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) dəstəyi ilə təlimlər davam edir.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 12-də təlimlərin üçüncü mərhələsinə start verilib. Xor-dirijorluğu, vokal, violin, klarnet, fleyta və rəssamlıq ixtisasları üzrə 40-a yaxın müəllimin iştirak etdiyi təlimlər Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilir.

Bir aydan artıq davam edəcək təlimlərdə pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər iştirak edir. Təlimlər çərçivəsində iştirakçılara həm fərdi, həm də qrup şəklində tədris metodları, interaktiv dərs modelləri və yeni təhsil texnologiyalarından istifadə imkanları təqdim olunur.

Təlimin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və MİHİ-nin şöbə müdiri Mehman Məhərrəmov təlimin gedişatını izləyib, müəllimlərə uğurlar arzulayıblar.

Qeyd olunub ki, təlimlər müəllimlərin yaradıcılıq potensialının inkişafına, peşəkar inkişafının dəstəklənməsinə və musiqi ilə incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Təlimlərin əsas məqsədi müəllimlərin nəzəri və praktiki biliklərini artırmaq, müasir tədris metodlarına yiyələnmələrini təmin etmək və daha səmərəli nəticələr əldə etmələrinə dəstək göstərməkdir.

Xatırladaq ki, attestasiyada 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən müəllimlər təlimlərə cəlb olunub və onlara xüsusi müsabiqədə iştirak edərək pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. May-iyul aylarında fortepiano və musiqi nəzəriyyəsi, avqust-sentyabr aylarında isə tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə keçirilmiş təlimlərə ümumilikdə 200-ə yaxın müəllim qatılıb.


SON XƏBƏRLƏR