"Müəllim peşəsinin nüfuzunun artırılması təkcə maaşla ölçülmür".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Əmrullayev bildirib ki, elm və təhsil naziri kimi onun istəyi müəllimlərin daha yüksək əməkhaqqı almasıdır. Lakin o qeyd edib ki, əməkhaqqı siyasəti yalnız Elm və Təhsil Nazirliyinin səlahiyyətində deyil və bu məsələyə dövlətin ümumi sosial-iqtisadi siyasəti çərçivəsində baxılır.
Nazir vurğulayıb ki, müəllim peşəsinin cəmiyyətdəki nüfuzu təkcə maaşla müəyyən edilmir. Onun sözlərinə görə, müəllimlər özlərini cəmiyyətə “yazıq” insanlar kimi təqdim etməməlidirlər.
“Bu yazıqlıq düşüncəsi artıq keçmişdə qalmalıdır. Yeni nəsil müəllimlər öz peşələri ilə qürur duymalı, özlərini cəmiyyət üçün dəyər yaradan insanlar kimi görməlidirlər. Axı iş yeri, maaşı olan insan niyə “yazıq” adlansın? Məsələ maaş azlığıdırsa, müəllim peşəsindən aşağı maaşlı peşələr də var”, - deyə nazir bildirib.
O əlavə edib ki, müəllim peşəsinin nüfuzunun yüksəldilməsi ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Zeynəb Rzayeva
Bakı 



