“Rəqəmsal inkişaf yeni ictimai münasibətlər formalaşdırır və bu mühitdə uşaqların təhlükəsizliyi xüsusi hüquqi mexanizmlərlə təmin olunmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə çıxış edərək uşaqların rəqəmsal mühitdə qorunması məsələsinə münasibət bildirib.
O qeyd edib ki, ölkənin müxtəlif sahələrində rəqəmsal texnologiyaların tətbiqi mühüm inkişaf mərhələsi yaratsa da, bu proses eyni zamanda uşaqları müxtəlif onlayn risklərə də məruz qoyur. Ombudsman bildirib ki, informasiya əldə etmək imkanlarının genişlənməsi müsbət hal olsa da, zərərli məzmun və kibertəhlükələr ciddi çağırışlar yaradır.
Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycan bir sıra beynəlxalq sənədlərə qoşularaq uşaqların hüquqlarının qorunmasını öhdəlik kimi qəbul edib. Bu sənədlər uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün daha güclü qanunvericilik və institusional mexanizmlərin tətbiqini tələb edir:
“Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi zəruridir”.
Ombudsman bildirib ki, məqsəd uşaqların internet və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq deyil, onların hüquqlarını qoruyan təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır.
Zeynəb Rzayeva
Bakı 



