Mütəmadi olaraq lazımsız əşyalar sifariş etmək, borca girmək və alış-verişi yaxınlarınızdan gizlətməyə çalışmaq məcburi alış-verişin əlaməti ola bilər.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu psixoloq Diana Lobanova deyib.
Onun sözlərinə görə, tez-tez alış-veriş etmək mütləq asılılıq demək deyil. Problem müntəzəm olaraq lazımsız əşyalar aldıqda, planlaşdırıldığından daha çox pul xərclədikdə və maliyyə nəticələrinə baxmayaraq alış-veriş etdikdə ortaya çıxır:
"Sifariş vermək və bağlamanı gözləmək müvəqqəti olaraq əhval-ruhiyyəni qaldırır, narahatlıq və ya stressdən yayınmağa kömək edir. Çatdırılmadan sonra zövq tez bir zamanda yox olur, amma növbəti dəfə stressli bir an gələndə insanlar tətbiqi yenidən açırlar. Marketlər isə bu mexanizmi fərdiləşdirilmiş tövsiyələr, bildirişlər, endirim taymerləri, az stoklu məhsul bildirişləri və daha sonra ödəmə seçimi ilə gücləndirir. Bəzən zövq verən məhsulun özü deyil, məhsulların axtarışı, səbətin doldurulması və çatdırılmanı gözləmə prosesidir".
Psixoloq tövsiyə edir ki, onlayn alış-veriş vərdişini təhlil etmək lazımdır. Belə ki, 2-3 həftə ərzində nə sifariş etdiyinizi, nə qədər pul xərclədiyinizi və alış-verişdən əvvəl əhvalınızı qeyd edin. Bu, təkrarlanan nümunələri görməyə kömək edir.
"Məsələn, almaq istəyi çətin gündə, tənhalıq anında və ya gecə saatlarda yaranır. İstədiyiniz məhsulu ayrı siyahıya köçürün və 48-72 saat sonra qərarınıza yenidən baxın. Bu müddətdə emosional istək adətən azalır. Eyni zamanda ödənişdən əvvəl əşyanın hansı məqsədlə lazım olduğunu, evdə oxşar əşyanın olub-olmadığını və endirimsiz alıb-almayacağınızı dəqiqləşdirin. İnandırıcı cavab yoxdursa, alış-veriş ehtiyacdan deyil, emosional vəziyyətdən qaynaqlanır", - deyə Lobanova qeyd edib.
Onlayn alış-veriş asılılığından azad olmağın yollarını açıqlayan psixoloq vurğulayıb ki, reklam bildirişlərini deaktiv edin, yadda saxlanılan bank kartlarını silin, hissə-hissə ödənişlərdən imtina edin və aylıq limit təyin edin. Sifarişlər üçün həftədə 1-2 gün ayırın.
Gülşən Şərif
















