• Bakı 23° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Özbaşına qəbul edilən vitaminlər: Verilən xeyir alınan ziyandan daha azdır

CƏMİYYƏT

17 Aprel 2024 | 13:33

Özbaşına qəbul edilən vitaminlər: Verilən xeyir alınan ziyandan daha azdır

Son illər, xüsusən də koronavirus pandemiyasından sonra həkim məsləhəti olmadan vitamin qəbulu dəb halını alıb. Belə ki, bir çox insan həkimə müraciət etmədən özünə vitamin D, C, B əskikliyi diaqnozu qoyur və hər gün bu vitaminləri qəbul edir. İmmunitetinin zəif olduğunu düşünüb qida əlavələri qəbul edənlər də az deyil.

Mövzu ilə bağlı terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a bildirib ki, insanlarımız əsrlərə dayanan tibb elmini günümüzdə çox bəsitləşdirirlər. Onun sözlərinə görə, istər “Google” platformasından, istərsə də sosial şəbəkədə bir neçə abzasdan ibarət məlumatı öyrənməklə maarifləndiklərini zənn edirlər:

“Nəticədə, immunitet gücləndirmək, gümrahlıq artırmaq və ömrü uzatmaq üçün müxtəlif vitaminlərin gərəksiz qəbuluna üz tuturlar. Lakin unutmaq lazım deyil ki, orqanizmdə çox mürəkkəb homeostaz deyilən bir mexanizm var. Daxili balansımızı homeostaz vasitəsilə qoruyuruq. Kənardan olunan lazımsız, qeyri-rasional müdaxilələr homestazı pozur. Nəticədə, orqanizmə xeyr vermək istəyərkən ziyan vermiş oluruq”.

Həkim qeyd edib ki, hər hansı müayinədən keçmədən, təhlillərin nəticəsini görmədən müxtəlif dozalarda qəbul olunan vitamin D aşırı hiperdoz dozasına çata bilir. S.Hacıyev bildirib ki, hipervitaminozun insan orqanizminə ziyanı var:

“Məsələn, vitamin D-nin yüksək olması kalsiumun orqanizmdə çoxalmasına, böyrəklərin zədələnməsinə, ürək ritminin pozulmasına, orqanizmdə susuzlaşmaya və mədəaltı vəzi kimi ağır xəstəliklərə gətirib çıxara bilir”.

Sübhan Hacıyev: Kənardan olunan lazımsız, qeyri-rasional müdaxilələr homestazı pozur

Terapvt vurğulayıb ki, vitamin C bizim üçün çox vacib olsa da, dozasının aşılması orqanizmdə çox ciddi şəkildə mədə-bağırsaq traktının pozulmasına gətirib çıxarır:

 “Bu da özünü daha çox ishal, qusma və qarında ağrılarla göstərir. Vitamin C-nin yüksək olması dəridə səpkilər və allergik reaksiyaların provokasiya olunmasına gətirib çıxarır. Əlavə olaraq, gərəksiz vurulan B qrup vitaminləri, xüsusən dı B12 orqanizmdə hüceyrənin vaxtından tez bölünməsinə gətirib çıxarır. Erkən mərhələdə olan onkoloji proses varsa, prosesi sürətləndirə bilər. Prosesi yaratmır, lakin sürətləndirə bilir”.

Müsahibimiz tövsiyə edir ki, həkim məsləhəti olmadan, qan təhlillərinin nəticəsini görmədən, diaqnozun dəqiqləşmədən hər hansı bir vitamin və qida əlavələrinin insan orqanizminə qəbulu yolverilməzdir:

“Bu zaman verilən xeyir alınan ziyandan daha azdır”.

Aytac Aslan


SON XƏBƏRLƏR

29 Aprel 2024