Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın iddialarına münasibət bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, XİN-dən vurğulanıb ki, keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığı, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur: “Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bu günədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”.
Politoloq Məhəmməd Əsədullazadənin Bakıvaxtı.az-a dediyinə görə, Ermənistan baş naziri Nikol Paşinyan bir daha sərhədlərin delimitasiya və demarkasiya prosesində maraqlı olmadığını göstərdi.
Analitik vurğulayıb ki, 1975-ci il xəritəsi Rusiyanın kəşfiyyat orqanları tərəfindən tamamilə qanunsuz şəkildə hazırlanıb: "Əgər Ermənistan rəhbərliyi 1991-ci il Almatı bəyannaməsini rəhbər tutursa, Praqada keçirilən görüşdə Azərbaycanın sərhədlərini tanıdığını deyirsə, sərhədlərin müəyyənləşməsi də 1991-ci il müqaviləsinə və mövcud şəraitə uyğun keçirilməlidir. Paşinyan Azərbaycanı Ermənistanın Tavuş rayonunda bir neçə kəndi "işğal" etməkdə ittiham edir”.
1975-ci ilin xəritəsinin Azərbaycan torpaqlarının qanunsuz şəkildə Ermənistana verilməsini əks etdirdiyini deyən politoloq qeyd edib ki, ona görə də Paşinyan israrla bu məsələni gündəmə gətirir. Onun sözlərinə görə, əgər Ermənistan tərəfi 1991-ci il xəritələrini əsas götürmürsə, o halda Azərbaycan 1920-ci il xəritəsinə əsaslanmalıdır. Yəni Azərbaycan və Ermənistan Sovet Rusiyasına hansı sərhədlərlə daxil olublarsa, həmin sərhədlər də əsas götürülməlidir. Çünki Azərbaycan Respublikası AXC-nin, indiki Ermənistan isə ovaxtkı Ermənistan Respublikasının varisidir.
“Əfsuslar olsun ki, Paşinyanın indiki açıqlamaları onun sülhdə, delimitasiya və demarkasiyada maraqlı olmadığını göstərir. Baş nazir prosesi uzatmağı, regiona xarici gücləri gətirməyi planlaşdırır”, - deyə Məhəmməd Əsədullazadə vurğulayıb.
Aydın Baxış
















