Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.
Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülərin yayıldığını xatırladan T.Mərdanoğlu bildirib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.
Onun sözlərinə görə, ünvan müəyyən olunub və qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.
Məlum olub ki, videoda əksini tapan görüntülər yeddi ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:07
Bakıda 90 yaşlı qadına zorakılıq edilməsi bağlı yayılan videogörüntülər araşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə 90 yaşlı qadına qarşı oğlu və gəlini tərəfindən zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.















