Polşanın Sileziya bölgəsində sərnişin avtobusu idarə edən 63 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 9-da axşam saatlarında Katovitse ilə Zabje şəhərləri arasında hərəkət edən 23 nömrəli marşrut üzrə baş verib.
Saat 22:00-dan sonra avtomobil sürücülərindən biri avtobusun yolda qeyri-sabit hərəkət etdiyini və zaman-zaman yolun kənarına çıxdığını görərək polisə məlumat verib. O, avtobusu izləyərək onun hərəkət istiqaməti barədə polisə məlumat verməyə davam edib.
Nəticədə avtobus Ruda-Slenska şəhərində saxlanılıb. Sükan arxasında Azərbaycan vətəndaşının olduğu müəyyən edilib.
Polisin keçirdiyi yoxlama zamanı onun qanında 2,75 promil spirt aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, sürücü həmin gün saat 14:00-dan əvvəl işə başlayıb. O, sərnişinləri daşıdığı bir neçə saat ərzində spirtli içki qəbul edib və buna baxmayaraq avtobusu idarə etməyə davam edib.
Kişi saxlanılıb. Ayıldıqdan sonra işi sürətləndirilmiş qaydada məhkəməyə göndərilib.
Avqustun 10-da Ruda-Slenska məhkəməsi Azərbaycan vətəndaşını təqsirli bilib və onu 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə, ona 6 il müddətinə nəqliyyat vasitəsi idarə etmək qadağan edilib. Sürücü həmçinin dövlət və zərərçəkənlərə yardım fondunun hesabına ümumilikdə 20 min zlotı ödəməli, eləcə də məhkəmə xərclərini qarşılamalıdır.
Polis sürücünün avtobus idarə etmək hüququ ilə bağlı ayrıca araşdırma aparır. Onun xarici ölkədə verilmiş sürücülük vəsiqəsi olub. Hazırda həmin sənədin Polşada dəyişdirilməsinin tələb olunub-olunmadığı araşdırılır./modern.az
Bakı 



