q
  • Bakı 14° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Psixoloq: Emosional vəziyyətdə verilən qərarlar yanlışdır

CƏMİYYƏT

06 May 2026 | 15:26

Psixoloq: Emosional vəziyyətdə verilən qərarlar yanlışdır

"İnsan emosional gərginlik içində olduqda reallığı düzgün qiymətləndirməkdə çətinlik çəkir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Həkim-pasiyent münasibətlərində emosional vəziyyətin təsiri ilə bağlı mühüm məqamlara toxunan mütəxəssis bildirib ki, insan emosional olanda düşünür ki, onun hazırkı hissləri tam doğrudur. Halbuki bu zaman avtomatik düşüncələr reallığı əks etdirməyə bilər və insan ətrafdakı münasibətləri yanlış qavrayır”.

R.Nəcəfov qeyd edib ki, belə hallarda empatiya hissi zəifləyir və bu da münasibətlərdə gərginlik yaradır:

“Bəzən pasiyent növbədə gözlədikdə bunu özünə qarşı münasibət kimi qəbul edir və aqressiya formalaşır. Halbuki həkimin də zamana ehtiyacı var və o da insandır, onun da emosional vəziyyəti mövcuddur”.

Onun fikrincə, qarşılıqlı aqressiya sağlam nəticənin əldə olunmasına mane olur:

“Aqressiv mühit formalaşdığı anda artıq sağlam nəticə əldə etmək çətinləşir. Emosional vəziyyətdə verilən qərarlar isə çox vaxt düzgün olmur və bu da vəziyyəti daha da ağırlaşdırır”.

Mütəxəssis vurğulayıb ki, ünsiyyətin pozulması müalicə prosesinə birbaşa təsir edir:

“Dialoq itəndə səhiyyə sisteminin əsas başlanğıcı da itir. Çünki pasiyent şikayətlərini düzgün ifadə etməlidir ki, həkim anamnez toplayıb düzgün istiqamətdə addım ata bilsin”.

O qeyd edib ki, pasiyentin psixoloji gərginliyi davranışına da təsir göstərir:

“Əgər pasiyent stres altındadırsa, bu, onun davranışında aqressiya kimi özünü göstərə bilər. Bu zaman həkimin əsas yanaşmalarından biri empatiya qurmaqdır”.

R.Nəcəfov əlavə edib ki, bəzən sadə bir anlayış ifadəsi belə vəziyyəti yumşalda bilər:

“Bəzən ‘səni başa düşürəm və yaxşı olmağın üçün əlimdən gələni edəcəyəm’ kimi cümlələr kifayət edir. Amma pasiyent emosional olanda bunu belə düzgün qəbul etməyə bilər”.

Psixoloq bildirib ki, səhiyyə sistemi pasiyentin sağlamlığını qorumağa yönəlib və hər zaman maksimum nəticə üçün çalışılır:

“Dövlətin müəyyən strategiyası və sistemi var ki, pasiyentin sağlamlığı üçün addımlar atılsın. Hər şeyi etmək mümkün olmasa da, hər zaman bunun üçün cəhd göstərilir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

05 May 2026