"Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi xəbəri yayılıb. Dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb: "Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Belədirsə Qarabağda təşkilatlanmış rus icmasına nə ehtiyac var?"
E.Şahinoğlu qeyd edib ki, bu, “Donbas ssenarisi"nə bənzəyir: “Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Hazırda Rusiya Ukraynanı hədələyir ki, Donbasa hücum olarsa, Rusiya bu bölgədəki vətəndaşlarını qorumaq üçün Ukraynaya müdaxilə edəcək. Abxaziya və Cənubi Osetiya da eyni yolla Gürcüstandan qopardılmışdı. Moskvanın Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaması təhlükəsi var" deyən politoloq hesab edir ki, belə olarsa, Rusiya Qarabağda Rusiya vətəndaşı olan erməni separatçılarını qorumaq bəhanəsiylə Azərbaycanın Xankəndi və ətrafını nəzarətə götürməsinə mane olacaq. Dediyinə görə, Moskvaya Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylaması həm də ona görə lazımdır ki, 2020-ci ildə bölgədə yerləşdirdiyi hərbçilərinin varlığını daimi edə bilsin. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rusiyalı hərbçilərin Qarabağa daxil olduğu gün Rusiyanın televiziya kanalında bunu demişdi: “Biz Qarabağda əbədi qalacağıq, oradan çıxmayacağıq””. “Məlumdur ki, Kreml bir sıra ideyalarını Jirinovski vasitəsilə səsləndirir. Azərbaycanın icazəsi olmadan rusiyalı hərbçilərin Xocalıda provaslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması bu siyasətin tərkib hissəsidir. Rusiyalı hərbçilərinin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyiriksə, Moskvanın erməni separatçılarıyla birgə həyata keçirdikləri planları pozmağa çalışmalıyıq".
Şahinoğlu Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı bir sıra iddiasını rədd etdiyini xatırladaraq, bildiribki, ancaq müxtəlif istiqamətlərə təhlükələr ard-arda gəlir. Onun sözlərinə görə, erməni lobbisi və ona dəstək verən siyasi mərkəzlər Azərbaycana qarşı məkrli planlarından əl çəkən deyillər.
"Qarşımızda həll ediləsi xeyli məsələ var. Eyforiyaya varmağa vaxt yoxdur", - deyə politoloq bildirib.
Nuranə Daxilqızı
















