Bəzi narahatlıqlar qida zəhərlənməsi ilə səhv salınır. Belə ki, insanlar özlərində yaranan qusma, halsızlığı çox zaman qida zəhərlənməsi hesab edir.
Digər xəstəliklərlə səhv salınan zəhərlənmə isə insanların onu ev şəraitində yanlış müalicə etmələrinə gətirib çıxarır ki, bu da xoşagəlməz nəticələrə səbəb olur.
Bəs əlində qida zəhərlənməsi nədir və bunu necə müəyyən etmək olar?

Günay Lətifova, Terapevt
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, bağlı mühitdə satılmayan məhsullar, vaxtı keçmiş məhsullar səbəbi ilə yayda qida zəhərlənməsi çox artır.
Onun sözlərinə görə, xüsusilə yol kənarında satılan meyvə-tərəvəz kimi məhsullarda günəş vurduğu üçün artıq toksik bakteriyalar əmələ gəlir ki, bu da nəticədə zəhərlənməyə gətirib çıxarır.
G.Lətifova qeyd edib ki, yarım saat ərzində pasiyent artıq hiss edə bilər ki, onda zəhərlənmə başlayıb. Zəhərlənmə zamanı insanda zəiflik əmələ gəlir, davamlı qusma, qızdırma, qarın ağrısı, nəbzin sürətlə artması, üz rənginin dəyişərək daha çox ağarmağa meyilli olması, təzyiqin düşməsi və ya qalxması kimi hallar müşahidə olunur.
Günvurmanın zəhərlənmə ilə səhv salındığını deyən terapevt nəzərə çatdırıb ki, günvurma çox zaman başğarısı, ürəkbulantısı, təzyiqin enməsi və qalxması ilə müşahidə olunur. Amma qida zəhərlənməsində qusma, mədə hissəsində ağrı daha çox olur.
“İnsanlar həmin gün qəbul etdiyi qidanın, yəni zəhərləndiyi qidanın tamını öz ağzında hiss etməyə başladığı üçün ürəkbulanması daha çox olur. Bu halda insanlara mümkün qədər çoxlu su qəbul etmələri, təcili yardımla əlaqə saxlamaları və yaxud da yaxınlıqdakı xəstəxanaya müraciət etmələri məsləhət görülür. Çünki çox zaman günvurma və zəhərlənmə səhv salındığı üçün ev şəraitində hər kəs özünü müalicə etməyə çalışır. Bu da bəzi hallarda həkim nəzarəti olmadan yanlış dərman preparatlarının qəbuluna gətirib çıxarır. Ümumiyyətlə, insanların qəbul etdikləri dərmanlar əczaçı məsləhəti ilə yox, həkim məsləhəti ilə olmalıdır”.
Müsahibimiz eldən-elə gəzən, “Mənə bu yaxşı təsir edib. Sən də istifadə et sağalacaqsan” tipli müalicə üsullarının, əczaçıya yaxınlaşıb “Mənə hansı dərman yaxşı təsir göstərər?” hallarının çox olmasına təəssüfləndiyini bildirib:
“İnsanlar belə etməməlidir. Orqanizm individualdır. Mütləq ailə həkimindən, təcili yardımdan, poliknikalardan doğru şəkildə istifadə etməli, onların dediklərinə əməl etməlidirilər ki, sağlam həyat sürsünlər”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, müxtəlif bağırsaq infeksiyaları, qastroenterit, qida allergiyaları, kəskin qastrit və s. kimi xəstəliklər qida zəhərlənməsi ilə səhv salına bilər.
"Qida zəhərlənməsi diaqnozu mütləq həkim tərəfindən təsdiq olunmalıdır".
Mina Mikayılova
















