Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin iş prinsipləri, Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri və sosial innovasiya layihələri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Dövlət Agentliyi 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafına görə xüsusi mükafata, 2023-cü ildə isə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” adına layiq görülüb. Həmçinin “ASAN xidmət” modelinin bir sıra ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaqlar mərkəzdə tətbiq olunan innovativ yeniliklərin yüksək təəssürat yaratdığını və bu təcrübənin təqdirəlayiq olduğunu qeyd ediblər.