Sumqayıtda qız onu başmaqla vuran anası barəsində polisə şikayət verib.
Bakıvaxtı.az xəbər verir ki, 1974-cu ildə anadan olan C.N. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, C.N. ilə qızı N.N. arasında yaşadıqları evdə mübahisə düşüb. Mübahisəyə səbəb C.N.-in qızının Elçin adlı şəxslə sevgi münasibətlərinə qarşı çıxmağı olub.
Belə ki, bir neçə ay əvvəl C.N. qızı ilə sevgi münasibətində olan Elçin adlı şəxsdən polisə şikayət verib. Məhkəmənin qərarı ilə Elçin 300 manat cərimələnib.
Ana və qızı arasında mübahisə də Elçinə görə yaranıb. C.N. qızına onunla münasibətlərinə son qoymağı tapşırıb. N.N. isə anasına qarşı çıxaraq onun istəyinə "yox" cavabı verib. Nəticədə C.N. ayağındakı başmaqla qızının ayağına vurub. Qız buna görə anasından şikayət edib və məhkəmədə anasının həbs olunmamasını, lakin cərimə edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə C.N. 300 manat cərimə olunub. /Qaynarinfo