• Bakı C

    0.36 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Qusardakı yol qəzasında ölənlər Şair Ramaldanovun ailə üzvləridir - YENİLƏNİB

HADİSƏ

15 Dekabr 2025 | 00:25

Qusardakı yol qəzasında ölənlər Şair Ramaldanovun ailə üzvləridir - YENİLƏNİB

Qusarda avtoqəzada ölən və xəsarət alanlar ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Üzeyir Cəfərov məlumat verib.

Ü.Cəfərov bildirib ki, qəzaya düşənlər Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləridir.

Onun sözlərinə görə, polkovnikin 36 yaşlı qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

"Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o, faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar”, –  Ü.Cəfərov qeyd edib.

Mərhumların nəşi Bakıya gətiriləcək və bu gün paytaxtda dəfn ediləcək

***

14 dekabr, saat 20:11

Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qusar Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

2022-ci il təvəllüdlü (hər ikisi kişi) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

***

20:21

Qusardakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.

Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov xəsarət alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridirlər və bir ailənin üzvləridir.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

17:05

Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


SON XƏBƏRLƏR

14 Dekabr 2025