Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibə qonşu ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu müharibənin Azərbaycan turizm sektoruna hansı təsirləri var?
Turizm eksperti Eldar Dərgahov Bakıvaxtı.az-a bildirib ki, müharibənin, bütün hallarda, bizdən təsirsiz ötüşməsi mümkünsüzdür: “Rusiya bizə qonşu dövlətdir və Ukrayna ilə istər turizm, istərsə də digər sahələrlə bağlı sıx əlaqələrimiz var. Hətta artıq müharibə bizə təsirini göstərib”.
Onun sözlərinə görə, problemlərdən biri odur ki, biz Ukraynaya turist yola sala bilmirik: “Bu, ən başlıca problemlərdən biridir. Ukraynanın heç bir istiqaməti üzrə turist yola sala bilmirik, çünki hazırda turist qəbul etmək iqtidarında deyillər”. Rusiyaya gəldikdə isə, ekspert deyir ki, məhdudiyyətlər var. Bu gün Rusiya ilə Azərbaycan arasında quru sərhədlər bağlıdır. Digər tərəfdən, hazırda Rusiya ilə hava əlaqələrimiz normalda olduğu kimi deyil: “Pandemiya və postpandemiya dönəmində bizim Rusiyaya üst-üstə 10-12 təyyarə reysimiz olurdu, bunu Azərbaycan Hava Yolları, Rusiya şirkətləri həyata keçirirdi. Amma bu gün, demək olar ki, onların heç biri fəaliyyət göstərmir, gün ərzində cəmi bir reys olur”.
E.Dərgahov qeyd edib ki, həmin reys də Moskva istiqamətində olur: “Əvvəllər isə Rusiyanın müxtəlif bölgələrinə reyslər olurdu. Reyslərin sayı çox olanda insanlar daha rahat səyahət planlaşdıra bilirdilər. Belə olduğu təqdirdə, Rusiyadan Azərbaycana gələnlərin sayı da çox idi. İndi isə bu say kəskin azalıb, hətta yox dərəcəsindədir”.
“Əvvəllər yay fəslində Ukraynanın müxtəlif bölgələrinə uçuşlar olurdu” deyən ekspertin sözlərinə görə, indi isə Ukrayna ilə heç bir quru və hava əlaqəmiz yoxdur. “Bu da öz növbəsində turizmə çox ciddi təsir edir, maneələr yaradır”.
Aytac Aslan
















