Rusiya dövlət telekomunikasiya şirkəti “Rostelekom” ASC sanksiyalara məruz qalandan sonra Azərbaycan interneti üçün risklər yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İKT üzrə mütəxəssis Osman Gündüz bildirib.
O qeyd edib ki, bu risklər daha çox Azərbaycana daxil olan magistral internet xətlərinin Rusiya ərazisindən keçən hissəsi ilə bağlıdır: “Məlum olduğu kimi Azərbaycana interneti iki magistral (backbone) operator, “Delta Telecom” və “AzerTelecom” gətirir.
Hər iki magistral operator həm Rusiya üzərindən, həm də digər istiqamətlərdən Azərbaycana internet trafikini gətirmək imkanına sahibdir”.
Bəs Azərbaycana daxil olan internet trafikin Rusiya üzərindən keçən hissəsinin xüsusi çəkisi nə qədərdir?
Ekspertin sözlərinə görə, araşdırmalar göstərir ki, “Delta Telecom” şirkətinin Azərbaycana gətirdiyi internetin çox hissəsi Rusiyaya məxsus Rostelekom telekommunikasiya operatorunun bu ölkənin ərazisindən keçən magistral optik xətləri vasitəsilə tranzit yolla daxil olur.
“AzerTelecom” şirkətinin Azərbaycana gətirdyi internetin əsas hissəsi isə Gürcüstan istiqamətindən ölkəyə daxil olan magistral xətlər vasitəsilə həyata keçirilir.
Həmçinin, internetin əsas hissəsi ilə yanaşı rezerv trafiki də Qərb istiqamətindən, yəni Gürcüstan üzərindən alınır. Şirkətin Rusiya üzərindən aldığı rezerv trafik isə 2-ci dərəcəli rezerv əhəmiyyəti daşıyır.
Buradan belə qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün də yarana biləcək risklər AzerTelecom və onun trafiki üçün ciddi olmayacaq”.
O hesab edir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, Rusiya internetinin qlobal şəbəkədən ayrılacağı ilə bağlı Azərbaycan internetinin dayanıqlılığı üçün yarana biləcək risklər hökumət tərəfindən diqqətdə saxlanılmalıdır.
Ramid İbrahimov
















